Rus qadınları getdikləri yerdə belə işləyirlər
Yeni araşdırma üzə çıxarıb ki, 2022-ci ildə Rusiyanı tərk edən qadınlar getdikləri ölkələrdə çox vaxt qeydiyyatsız işləyir və dil öyrənməkdən çəkinirlər.
"Cebhe.info" xəbər verir ki, Rusiya Elmlər Akademiyasına bağlı İqtisadiyyat İnstitutunun ekspertlərinin apardığı araşdırmalar barədə məlumat verən RBC qəzeti belə yazır. Bildirilir ki, ölkədən gedən qadınların əhəmiyyətli bir hissəsi Rusiyanın məşğulluq bazarı ilə əlaqə saxlayır. RBC xatırladır ki, 2022-ci ildə Ukraynaya qarşı hərbi əməliyyatdan və ondan sonra elan edilən qismən səfərbərlikdən sonra yüz minlərlə Rusiya vətəndaşı ölkəni tərk edib. Lakin hesablamalara görə, gedənlərin təxminən yarısı sonradan geri qayıdıb.
Tədqiqatçılar 2022-ci ildən sonra gedənlərin bu tarixdən əvvəl gedənlərə nisbətən daha az dil bildiyini bildiriblər. Qaldıqları ölkənin dilində sərbəst danışa bilən rusiyalı qadın mühacirlərin nisbətinin cəmi 25 faiz olduğu, qalanlarının isə dili öyrənməkdən çəkindiyi bildirilir. Tədqiqatçıların fikrincə, bu qadınlar ingilis dilini bildiklərinə arxayın olmaqla yanaşı, Rusiya ilə peşəkar əlaqələr saxladıqları üçün qaldıqları ölkənin dilini öyrənməyə tələsmirlər.
RBC-nin verdiyi xəbərə görə, araşdırma əsasən İsrail, Türkiyə, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan və Gürcüstana gedən qadınlarla aparılıb.
Nigar Hacılı
"Cebhe.info"


