Spirtli içkilər ilə bağlı vacib xəbərdarlıq

“ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni gömrük rüsumları amerikanın məhşur brendlərin, xüsusilə də viskilərin xaricdə populyarlığını azalda bilər”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Yaponiyanın “Suntory Holdings” spirtli içki şirkətinin sahibi Takesi Niiami “Financial Times” qəzetinə verdiyi müsahibədə deyib.
O, insanların təkcə iqtisadi deyil, həm də emosional səbəblərlə ABŞ məhsullarını boykot edə biləcəyini bildirib:
“2025-ci il üçün strateji və büdcə planımızı artıq hazırlamışıq. Gözləyirik ki, gömrük rüsumları və istehlakçılar arasında yaranan emosional reaksiyalar səbəbilə Amerika viskilərinə tələbat azalacaq”.
O, həmçinin şirkətin ABŞ-dən Avropa, Meksika və Kanadaya ixracı azaltmağı planlaşdırdığını bildirib.
Niiami əlavə edib ki, Amerika viskisini satmaq üçün daha çox ABŞ bazarına diqqət yetirməliyik.
Niiaminin fikrincə, ABŞ administrasiyası sonda bu rüsumlardan imtina etməli olacaq:
“Əgər tariflər bütün dünyaya yayılarsa, ən çox itirən elə ABŞ olacaq. Düşünürəm ki, Tramp milli maraqları daha realist şəkildə dəyərləndirəcək”.
Xatırladaq ki, fevralın 1-də Tramp Kanada, Çin və Meksikadan gətirilən mallara yeni gömrük tarifləri tətbiq edən sərəncam imzalayıb:
• Meksika və Kanada üçün 25 % rüsum (Kanadanın enerji məhsulları üçün 10%)
• Çindən gələn mallara 10 % əlavə tarif
• Avropa İttifaqından idxal olunan məhsullara da 10 %-lik gömrük rüsumu nəzərdə tutulur.
Tramp Kanada və Meksika ilə aparılan danışıqlardan sonra həmin ölkələrə qarşı tariflərin tətbiqini müvəqqəti, bir aylıq təxirə salıb.
Səbinə Uğur
"Cebheinfo.az"