Zelenski təcili iclas çağırıb

Zelenski təcili iclas çağırıb

Ukrayna Prezidenti Vladimir Zelenski Kaxovka Su Elektrik Stansiyasında (Xerson vilayəti) baş vermiş dağıntı ilə bağlı ölkənin Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

Cebhe.info xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov "Tvitter" səhifəsində bildirib.

“Ukrayna Prezidenti Vladimir Zelenski Kaxovka su anbarının bəndinin partlaması ilə əlaqədar Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasının keçirilməsi barədə qərar qəbul edib”, - deyə Danilov yazıb.

Xatırladaq ki, bundan əvvəl Nova Kaxovka administrasiyasının rəhbəri Vladimir Leontyev xəbərdarlıq etmişdi ki, bəndin dağılması səbəbindən Krıma təmiz suyun çatdırılmasında çətinliklər yarana bilər.

Eyni zamanda, o, Kaxovka SES-dəki dağıntılarla bağlı mümkün olan ən dəhşətli nəticənin artıq keçdiyini bəyan edib.

Əlavə edək ki, bundan əvvəl "Voenkorı Russkoy vesnı" "Telegram" kanalı Ukrayna hərbçilərinin Kaxovka SES-ə hücum etdiyini iddia etmişdi.

Bu arada Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya tərəfini su elektrik stansiyasını dağıtmaqda ittiham edib.

Ukrayna Atom Agentliyi hadisənin Zaporojye Atom Elektrik Stansiyası üçün təhlükə yarada biləcəyi barədə də xəbərdarlıq edib.

Sevinc Tapdıqqızı
Cebhe.info