14 yaşlı qızın kitabı təqdim olunub

14 yaşlı qızın kitabı təqdim olunub

"Həqiqəti gizlədən yalanlar" adlı kitabın təqdimat mərasimi keçirilib.

Cebhe.info modern.az-a istinadən xəbər verir ki, kitabın müəllifi 14 yaşlı Leyla Xəlilzadədir. O, oxuduğu yüzlərlə kitab və izlədiyi filmlərin əsasında kitab yazmaq qərarına gəlib.

Leyla Xəlilzadə ingilis dilində təhsil aldığı üçün kitab məhz ingilis dilində qələmə alınıb, daha sonra Azərbaycan dilinə tərcümə edilib.

"Həqiqəti gizlədən yalanlar" kitabının təqdimat mərasimində müəllifin ailə üzvləri, müəllimləri və sinif yoldaşları da iştirak ediblər. Onlar Leylanın uğurlu təhsil həyatından, fərqliliyindən söz açıblar. Leyla Xəlilzadə çıxışı zamanı bildirib ki, müəllifi olduğu kitabı 12 yaşından yazmağa başlayıb.

"2020-ci ildə pandemiya səbəbindən dərslərdə iştirak edə bilmirdik. Düşündüm ki, vaxtımı daha səmərəli keçirmək üçün kitab yazmağa başlayım. Bu yolda mənə dəstək olan, güvənən ailəmə, müəllimlərimə təşəkkür edirəm. Gələcəkdə də bu işlərimin davamlı olacağına inanıram",- deyə müəllif bildirib.

"Həqiqəti gizlədən yalanlar" kitabının həm bədii-fəlsəfi təsir gücü, həm də günümüzün reallıqlarını, ağrı və acılarını obrazlı şəkildə özündə əks etdirməsi, müəllifin yaşından qat-qat böyük təfəkkür ortaya qoyması tədbir iştirakçıları tərəfindən heyranlıqla qarşılanıb.

Cebhe.info