40 ildir sevgisinə qovuşa bilməyən şair: “İlk məhəbbətin həsrəti ilə o dünyaya köçəcəyəm” - MÜSAHİBƏ

40 ildir sevgisinə qovuşa bilməyən şair: “İlk məhəbbətin həsrəti ilə o dünyaya köçəcəyəm” - MÜSAHİBƏ

Rövşən İmanov hazırda Lerik rayonunun Siyov kəndindı yaşayır.

Balıqlar bürcü altında doğulan qəhrəmanım həkim, həm də əczaçıdır. İnsanlara sağlamlıq bəxş edən bu dəyərli eloğlumun ədəbiyyata da marağı var. Uşaqlıq və gənclik illərində ədəbiyyata, kimyaya böyük maraq göstərib. Yazıb-yaratmasa yaşaya bilməz. Boş vaxtlarında qələm əlindən düşmür, bundan mənəvi qida alır. İndiyə qədər həm rayon, həm respublika mətbuatında sayı bilinməyən məqalə, şeir və xırda hekayəsi işıq üzü görüb.

Azərbaycanda fəaliyyətdə olan radio və televiziyalarla vaxtaşırı əlaqə saxlayır. Təbriz radiosunda tez-tez yazıları səslənir. Dəfələrlə radionun elan etdiyi müsabiqələrin qalibi olub. “ Aşkarlıq” qəzeti yarandığı gündən onun bütün saylarını izləyir, onu yaşadığı Siyov kəndində, eləcə də rayonda təbliğ edir. Lənkəranda nəşr olunan “Məşəl” jurnalında Rövşən həkimin bir kitablıq şeirləri çap olunub. Vaxtı ilə Lerik rayonda çıxan “Bolluq uğrunda” qəzetinin ştatdankənar müxbiri olub.

Rövşən həkim qələm əhlini özünə ən yaxın sirdaş sayır. “Aşkarlıq” qəzetinin baş redaktoru Hacı Etibar Əhədovu özünə ən etibarlı, sədaqətli dost bilir. Hər dəfə onunla telefon əlaqəsi saxlayanda, səsini eşidəndə dünyalar qədər sevinir. Həyatda özündən də çox istədiyi adam Təranə xanımdır. Hətta bu ilahi sevgi onu məcnunluq zirvəsinə qaldırıb. Elə onun əlinə qələm verəndə bu sevgi olub.

Bu qəlbi geniş, qibtə olunası bir insan olan Rövşən həkimin yaşadığı Siyov kəndində əsl övlad məhəbbəti ilə sevir, hər yerdə, həmişə ona dərin ehtiram göstərirlər. Bu da el-obasına ürəkdən bağlamasından, onun gözəl mənəvi keyfiyyətindən irəli gəlir. Bu işıqlı adamın əlindən yalnız yaxşılıq gəlir. Bütün Azərbaycana məhəbbəti hədsizdir, haqq işi naminə canını qurban verməyə belə bacarır. Bu günlər Rövşən həkimlə görüşdüm. Çoxdan idi onu görmürdüm. Bunda deyim onun üçün darıxmışdım. Oturub söhbət etdik.

- Rövşən həkim, şeirlərinizi tez-tez oxuyuram, sözə böyük ürəklə yanaşdığınızı görünür. Deməyim odur ki, hər bir şairin özünəməxsus sevgi yozumu olur. Bəs, sizin üçün sevgi nədir?

-Mən həyatda sevgidən yüksək , ali bir ilahi qüvvə tanımıram. Göz açdığın dünyada sevgisiz yaşamaq ölümdür. Nikahsız sevgi deyil, sevgisiz nikahdır ən böyük günah.

-Sizin fikrincə sevginin ömrü nə qədərdir? Burada yaşın rolu varmı...

-Məncə sevgi əbədi olmalıdır. İnsanın kamilliyi, dünyanın gözəlliyi halal sevgidən yaranır. Sevgi öz odunda qətrə-qətrə alışmalıdır. İnsan həyatdan köçüb gedəndən sonra da onun sevgisi ürəklərə köçüb örnək tək yaşamalıdır. Onda o cəmiyyət də saf olar, insanlar bir-birinə məhəbbətdən həyata gözəllik gələr.

-Yuxarıda verdiyim sualın ikinci hissəsini onda belə deyim- sevgidə yaş münasibətini necə bölmək olar?

-Çoxu deyir ki, ən bakirə sevgi kiçik yaşlarına təsadüf edən sevgidir. Mən bu fikirlə razı deyiləm. Çünki bakirə sevgi bütün yaşlarda ola bilər. Sevgi ürəkdə olmalıdır. Buna ağıllı münasibət bəsləmək üçün müəyyən yaş mərhələsinə çatmaq lazımdır. Doğru deyəcəyəm, məndə şairlik həvəsi kiçik yaşlardan yaransa da, məhəbbətin nə olduğunu bilməmişəm. Mənəvi aləmimdə yaranan ilahi bir istəklə həyata baxmışam. Əsl məhəbbəti isə 20 yaşımdan sonra anladım.

-Sənə 20 yaşından sonra əsl sevginin nə olduğunu anladan, odlara salan huri-mələk kim olub?

-Bu barədə mənə danışmaq göz yaşı tökmək, için-için ağlamaqdır. Hər dəfə yadıma düşəndə dünyamı qəm-qüssə alır. Nə ilahi sirdirsə, ona qovuşmağa inanıb qəm-qüssədə də bir bal şirinliyi görürəm...

-Bu sevginiz bizim üçün, məncə, özünə ən yaxın sirdaş saydığın “Oxu məni” qəzetinin oxuculardan ötrü maraqlı olar.

Rövşən həkim kövrəlir. Amma özünü ələ alıb söhbətə davam edir:

- Mən tələbə olan vaxtları Bakı şəhərində kirayə evdə qalırdım. Burada Təranə adında bir tələbə qızla ilk dəfə tanışlığım baş tutdu. O, özü ilə yanaşı, həyatı, dünyanı, insanları da mənə sanki yenidən sevdirdi. Tez bir müddətdə onun eşqi məni kamil bir insan səviyyəsinə qaldırdı. Onu da deyim ki, onu ilk dəfə görəndə ağlım başımdan çıxdı. Üzünü bədirlənmiş aya, gözləri ilahi gözlərə bənzəyirdi. Mən bu çiçək qoxulu gözəlin üzünə baxanda bütün ülvi hisslər qəlbimə dolurdu. Təranənin gözəlliyində, onun şirin danışığından heç cür doymurdum. Öz-özümə düşünürdüm k, ilahi bu qənirsiz gözəl mənə gələcəkdə qismət olacaq, ya yox...

-Maraqlıdır, bu qədər hiss, həyəcandan sonra ilk yaxınlaşma necə baş tutdu?

-Bəli, bir neçə gündən sonra yaxınlaş bildim. Dilim topuq çala-çala ona salam verdim. Çünki ilk baxışdan o, mənim sevgi dünyam olmuşdu. Salamımı mehribancasına alanda....mənə yeni bir dünya bəxş edənimlə yaxından tanışlığım başlandı. İsti nəfəsi mənə dəyəndə yanmağım məcnunsayağı olardı.

- Nə gözəl. Şirinliyi bitib-tükənməyən söhbətlərin başlanğıcı mənə maraqlı gəlir.

-Tələbə idik, elə tələbəlik həyatından başladıq. Birinci ona bir neçə şeir kitabını hədiyyə kimi bağışladım. Sonra ona şeir yazıb təqdim etdim. Artıq hiss olunurdu Təranə də məni ürəkdən sevir. Lakin öz məhəbbətini gizli saxlayır. Ürəyimiz bir döyünərdi... Bir az keçəndən sonra Təranədən məktub aldım. Onun göz yaşlarını gördüm o məktubda. Valideynləri onu zorla sevmədiyi varlı bir adama ərə vermək istəyirdi. Təranə bununla razılaşmır, məndən ona qısa müddətdə elçi göndərməyi istəyirdi. Təəssüf istəyini yerinə yetirsəm də, valideynləri buna razılıq vermədilər. Onu sevmədiyi adama ərə verdilər. Bu saxta sevgini ömrü uzun çəkmədi. Təranə həmin adamla bir neçə il yaşasa da, sonra boşandı. Beləcə, iki sevən ürək arzusuz qaldı. Təranə boşanıb yanıma gəlmək istəsə də, ona imkan vermədilər. Bu iki gəncin nakam məhəbbətindən yazıçı Çingiz Abdullayev “Qar üstündə qızıl gül” romanında söz açıb. Eləcə də 2000-2003-cü illərdə Azərbaycan Dövlət Televiziyası “Ailələr və talelər”, “Space” televiziyası isə “Poçtalyon “ verilişlərində söhbət açıblar. “Oxu məni”, “ Lerik”, “Aşkarlıq” qəzetlərində də bu barədə yazılar gedib. Dünyanın ən ağır dərdini mən çəkirəm. Halal sevgimin oduna yanıram.

-Söhbətinizdən belə çıxır onu unuda bilmirsiz?

-Xeyir, 40 il keçsə də, mən ilk məhəbbətimi unuda bilmirəm. O, həyatımın bakirə sevgisi idi. 40 ildir ki, Təranəyə qovuşmaq həsrəti ilə göz yaşı tökürəm. Beləcə də ilk məhəbbətin ayrılığı ilə bu dünyadan o dünyaya köçəcəyəm...

Məncə indiki gənclərimiz Rövşən həkim kimi sevməyi bacarsalar, xalqımız daha qürurlu, daha möhtəşəm olar. Elə onun təzə yazdığı “Mənim” şeirinin bir bəndi ilə yazıma nöqtə qoymaq istəyirəm:

Mən Rövşənəm, yar qeydinə qalandım,
Əbədisən, qal sevincim, qal andım.
Səhər-axşam oda, közə qalandım,
Dərd əlindən alsa, yar alar məni.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cebhe.info