Hakimlər üçün əl kitabı təqdim olunub

Hakimlər üçün əl kitabı təqdim olunub

Bakıda Nyu-York Konvensiyasının şərhinə dair hakimlər üçün əl kitabının təqdimatı olub.

"Report" xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının maliyyə, Vəkillər Kollegiyasının və KOBİA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə VK-nın sədri Anar Bağırov, KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov, deputatlar, vəkillər və ekspertlər iştirak ediblər.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirilib ki, təmsil etdiyi qurumla BMT və onun ixtisaslaşdırılmış təşkilatları, xüsusilə də İnsan Hüquqları üzrə Ali Komissarlıq arasında uzun müddətli və səmərəli əməkdaşlıq var:

"Bu vəsait Vəkillər Kollegiyasının üzvləri, beynəlxalq arbitraj sahəsində ixtisaslaşmış hüquqşünaslar Toğrul Quluzadə və Şahlar Məmmədov tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Qeyd olunan kitabın bir neçə il əvvəl nəşr olunmasına baxmayaraq, hesab edirəm ki, onun ölkəmizdə məhz bu dövrdə işıq üzü görməsi xüsusilə əlamətdardır. Ölkəmiz Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyasına 1996-cı ildə, Nyu-York Konvensiyasına 1999-cu ildə qoşulub. Həmçinin qeyd etmək istərdim ki, ölkə başçısının 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli ilə bağlı müvafiq göstərişləri var. Belə ki, Fərmanda ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqi, mübahisələrin məhkəmədənkənar həllinin genişləndirilməsi tövsiyə olunub".

KOBİA-nin İdarə Heyətinin sədri Orxan Məmmədov diqqətə çatdırıb ki, “Beynəlxalq arbitraj haqqında” qanun qəbul olunsa da, qeyd olunan Arbitraja müraciət son illər daha da aktuallaşıb:

"Bu aktuallaşmada ölkədə biznes mühitinin inkişafı, onun sağlamlaşdırılması mühüm rol oynayır. Xarici arbitraj qərarlarının tanınması və icrası sahəsinin daha dolğun öyrənilməsi və tətbiqi məqsədilə 2011-ci ildə Beynəlxalq Kommersiya Arbitraj Şurası (ICAA) tərəfindən Nyu-York Konvensiyanın şərhinə dair hakimlər üçün əl kitabı nəşr olunub. Həmin vəsait 10-dan çox xaricə dilə tərcümə olunub".

Digər çıxış edənlər də bildirib ki, vəsaitin adında “hakimlər üçün əl kitabçası” yazılmış olsa da, ondan arbitrlarla bərabər, arbitraj prosesinin istənilən mərhələsində, xüsusilə də arbitraj qərarlarının tanınması və icrası mərhələsində iştirak edən hər bir vəkil üçün də faydalı olacaq.

Cebhe.info