İran parlamentinin qətliam qərarı: “Bu, onun sonu olacaq” - DEPUTAT

İran parlamentinin qətliam qərarı: “Bu, onun sonu olacaq” - DEPUTAT

Xəbər verdiyimiz kimi, İranda Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsi ilə başlayan etirazlar səngimədən davam edərkən, İran parlamenti dünyanı ayağa qaldıran qərar verib.

İranlı deputatların etirazçılara qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı çağırışları əsasında hərəkət edən parlament 290 deputatdan 227-nin səsi ilə təxminən 15 000 nəfər üçün ölüm hökmü qərarını təsdiqləyib.

Qeyd edək ki, İran deputatları son günlər həbs olunan etirazçılara qarşı cəzaların sərtləşdirilməsinə çağırış edirdilər.

CNN-in məlumatına görə, İran parlamentinin 227 deputatının səs verdiyi qərarda etirazçılara "ən qısa zamanda, yaxşı dərs olmaqla" sərt cəza verilməsi tələb olunub. İran hökumətinin sözçüsü Məsud Setayeşi açıqlamasında "İctimaiyyət indi hakimiyyətdən iğtişaşlara səbəb olan etirazçılarla qəti, çəkindirici və qanuni şəkildə davranmağı tələb edir", - deyib.

"Newsweek"-in yazdığına görə, İran parlamenti "vacib dərs" olaraq bütün saxlanılan etirazçılara edam cəzasının verilməsinə səs verib. Digər tərəfdən, edamların nə vaxt həyata keçiriləcəyi hələlik bəlli deyil. CNN ötən cümə axşamı keçirilən son etirazlarla bağlı artıq 14 minə yaxın insanın həbs edildiyini bildirib.

Cebhe.info-ya danışan Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı hadisələrə münasibət bildirib.

Azərbaycan Parlamentinin üzvü İran deputatlarının səs birliyi ilə imza atılan qərarı pisləyib:

“İran dövləti belə bir vəhşi, heç bir insanlıq və İslam qanununa sığmayan addımı atsa, bu, onun sonu demək olacaq. Hakimiyyət yaşasa da, dövlətə başçılıq edən dini rəhbərlərindən tutmuş nazirlərinə qədər hamısının adları tarixin səhifələrində həmişəlik qara hərflərlə yazılar, nəsilbənəsil lənətlənərlər. Ona görə inanımıram ki, belə bir addım atılsın. İran orta əsrlərin cəngəllik qanunları ilə idarə edilən dövlətdir. İslam dinində belə şeylər yoxdur. İslam adından istifadə edib sadəcə hakimiyyətlərini uzadırlar. İslamı dünyada gözdən salırlar”.

Deputat rejimin hər cür addım ata biləcəyini də istisna etməyib:

“Bir qızın öldürülməsinə görə xalq ayağa qalxıbsa, görün ki, bu qədər insanın edamı nələrə səbəb olar?! Belə qətliam hadisəsi törədilsə, İran höküməti heç bir zaman bu məsuliyyətin altından çıxa bilməz”.

Sabir Rüstəmxanlı İranda qətliam törədilərsə, ölkəyə müdaxilə ehtimalından da danışıb (Bu yaxınlarda ABŞ Prezidenti Co Bayden “Biz İranı azad edəcəyik” demişdi - red.): “Amerika İraqa, Liviyaya, Əfqanıstana müdaxilə edib, sonu uğursuz olub. Bu gün dünyanın elə vaxtı deyil. Belə məsələlərdə xarici qüvvələrə güvənməyin mənası yoxdur. Burada millət öz gücünə güvənməlidir. Millət öz xilas yolunun olduğunu başa düşməli, inanmalıdır“.

Aylin
Cebhe.info