"Teymurləngin tamğası" kitabının təqdimatı keçirilib

"Teymurləngin tamğası" kitabının təqdimatı keçirilib

İlk cümhuriyyətin 105 illiyi ərəfəsində işıq üzü görən "Teymurləngin tamğası" bədii əsəri bizi 20-ci əsrin əvvəllərində cərəyan edən hadisələrə aparır.

May ayının 30-da Bakı Kitab Mərkəzində ‘"Teymurləngin tamğası" adlı kitabın təqdimatı olub. Emil Məcidovun müəllifi olduğu kitab Moskvanın Yauza nəşriyyatında işıq üzü görüb.

Oxucu 20-ci əsrin əvvəllərinə, Rusiya imperiyasının mövcud olduğu son illərə geri dönür, onun cənubuna, yerli camaatın inadkarlıqla öz qədim adı ilə Gəncə kimi səsləndirdiyi Yelizavetpol şəhər quberniyasına səyahət etmiş olur.

Əsərin baş qəhrəmanı, imperiya təzyiqindən qaçaq düşən, şəhərin köhnə sakinlərindən olan Həsən işğalların, inqilabların cərəyan etdiyi dövrdə öz doğma yurd-yuvasına qayıtmağın, parçalanmaqda olan imperiyanın yerində milli Qafqaz dövlətlərinin qurulması yollarını düşünür. Həsən sadəcə evinə qayıtmaq istəyir.

Lakin tale başqa yolu seçir. Sərgüzəşt ədəbiyyatına maraqlı töhfə olan əsər oxunaqlı dildə yazılmaqla yanaşı, həm də tarixi əhəmiyyətli məsələləri yenidən gündəmə gətirir. Müəllif debüt əsərində Azərbaycan xalqının müstəqillik uğrunda keşməkeşli mübarizəsi, evi, vətəni, azadlığı uğrunda canlarını qurban verən, müxtəlif inanclı, fərqli təbəqəni təmsil edən cəsur qəhrəmanları bir araya gətirir.

Burada yazıçı güclü genetik bağlılığa işarə edərək, Azərbaycanın tarixi torpaqlarının heç bir imperiya, işğalçı qüvvələr tərəfindən parçalanmasının mümkün olmadığını təsvir edir.

Rus dilində nəşr olunan kitabı 2023- cü ilin iyun ayından etibarən Bakı, Moskva və Sankt - Peterburqda çoxsaylı mağazalarda, eləcə də onlayn mağazalarda əldə etmək mümkün olacaq.

Naibə
Cebhe.info