TÜRKSOY Türkiyədə Almas İldırımı yad edib - FOTOLAR

TÜRKSOY Türkiyədə Almas İldırımı yad edib - FOTOLAR

Yanvarın 19-da Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetində Azərbaycan mühacirat ədəbiyyatının önəmli isimlərindən biri olan Almas İldırımın anadan olmasının 115-ci ildönümü münasibətilə tədbir və “Qaladan Qalaya qədər igid səs” adlı kitabın təqdimat mərasimi keçirilib.

"Report"un Türkiyə bürosunun xədərinə görə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TüRKSOY) və İnönü Universitetinin birgə əməkdaşlığı ilə baş tutan tədbirdə ali təhsil müəssisəsinin rektoru Ahmet Kızılay, TüRKSOY-un Baş katibi Sultan Raev və Mədəniyyət Nazirliyinin TüRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirak ediblər.

S.Raev çıxışında bildirib ki, A.İldırım Azərbaycan və Türkiyə ədəbiyyatında mühüm yer tutub, türk dünyasının milli şairləri sırasında özünəməxsus yerə sahib olub: “TüRKSOY olaraq, Almas İldırımın anadan olmasının 115-ci ildönümünə həsr etdiyimiz bu kitabı sizlərə təqdim etməkdən məmnunuq”. O, kitabdakı şeirləri Türkiyə türkcəsinə çevirən dəyərli şair Kənan Çarboğaya və nəşrin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edib.

E.Qafarlı deyib ki, vətəninin və millətinin istiqlaliyyəti, türk dünyasının birliyi uğrunda qələmi ilə mübarizə apararkən sovet rejimi tərəfindən sürgün edilən Almas İldırım vətən həsrəti ilə yaşayıb-yaradaraq ikinci vətənində - Türkiyədə dünyasını dəyişib. Şairin həyat və yaradıcılığından bəhs edən təmsilçi Almas İldırımın təkcə Azərbaycanın deyil, Turanın, Türküstanın, Türkiyənin, Elazığın, Malatyanın şairi olduğunu qeyd edib: “Bu gün Almas İldırımın anadan olmasının 115-ci və vəfatının 70-ci ildönümündə şairin seçmə şeirlərinin yer aldığı bu nəfis kitabı dünyasını dəyişib qoynunda yatdığı Malatyada sizlərə çatdırmaqdan məmnunuq”.

Digər çıxışçılar da şairin yaradıcılığına toxunaraq türk dünyasına verdiyi töhfələrdən bəhs ediblər.

Sonra kitabın təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, bu gün TüRKSOY ilə Malatya İnönü Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb və Almas İldırıma həsr edilən anım mərasimi də əməkdaşlığın ilk bəhrəsidir.

Cebhe.info