Azərbaycan yeni ekoterrorla üz-üzə: "Ermənistana beynəlxalq səviyyədə “dur” deyilməli"- Elman Cəfərli

Azərbaycan yeni ekoterrorla üz-üzə: "Ermənistana beynəlxalq səviyyədə “dur” deyilməli"- Elman Cəfərli

Elman Cəfərli: "Ermənistana beynəlxalq səviyyədə “dur” deyilməli, ABŞ isə öz şirkətini məsuliyyətə dəvət etməlidir"

“Ermənistan ABŞ şirkəti ilə birlikdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində – Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar yatırılacaq. Erməni mətbuatın yaydığı məlumata əsasən bu, böyük istehsal müəssisəsi olacaq. Belə ki, zavodun sahəsinin 16 min 500 kvadratmetr olması nəzərdə tutulur. Hündürlüyü 30 metr, sahəsi 16 min 500 kvadratmetr olan binada yerləşəcək zavod ildə 180 000 ton məhsul istehsal edəcək”.

Cebhe.info xəbər verir ki, bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Xatırladaq ki. Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində – Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunun inşasının layihəsi ilə əlaqədar iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər.

Ermənistan Espo Konvensiyanın kobud şəkildə pozub

E.Cəfərlinin sözlərinə görə, müəssisənin tikintisinə artıq 200 nəfər cəlb olunub və işə salındıqdan sonra işçilərin sayı 1000 nəfərə çatacaq:

“Zavodu tikən “GTB Steel” şirkəti iddia edib ki, zavod Naxçıvanla sərhəddən 800 metr aralıda yerləşir, yaxınlıqda flora və fauna, münbit torpaq qatı, tarixi abidələr və mühafizə olunan təbiət əraziləri yoxdur. Ancaq bu inandırıcı deyil. Çünki yerli ekofəalllar da buna etiraz edir. Bu müəssisə böyük ehtimalla zərərli istehsalat tullantılarını Araz çayına axıdacaq”.

E.Cəfərli deyib ki, yaranmış durum bizi ciddi şəkildə narahat edir:

“Əvvəla, Ermənistan “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozub. Ermənistanın da imza atdığı həmin konvensiyaya görə, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

Müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir”.

Azərbaycanın ekofəallarını narahat edən əsas məsələ

Onun sözlərinə görə, Azərbaycanın ekofəallarını narahat edən əsas məsələ odur ki, ermənilər 30 illik işğal dönəmində Azərbaycanın yeratlı sərvətlərinə, flora və faunasına, meşə örtüyünə, su resurslarına qarşı amansız terror siyasəti həyata keçirib: “Sərvətlərimiz barbarcasına talanıb. Torpaqlarımızda zərərli tullantılar basdırılıb, zəhərli maddələr çaylarımzıa axıdılıb. Oxuçayın başına gətirilənlər göz önündədir. Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı çirkləndirir.

Hesab edirik ki, Arazdəyəndə tikilən metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır”.

Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə çağırışlar edilməlidir

E.Cəfərli vurğulayıb ki, Metsamor AES-in mənfi təsirlərinə məruz qalmaqdan qurtulmadan ikinci bir zərərli müəssisənin – metallurgiya zavodunun tikilməsi təhlükəni bir az da artıracaq:

“Belə ki, həmin zavodun tikilməsi ilə ekoloji və qida təhlükəsizliyinə mənfi təsir daha da böyüyəcək. Bunun qarşısını almaq üçün beynəlxalq səviyyədə çağırışlar edilməlidir. Araz çayı onsuz da Ermənistan tərəfindən kifayət qədər çirkləndirilib. Araz çayının sol qollarından biri olan Razdan öz suyunun çirklənmə dərəcəsinə görə Ermənistanda birinci yer tutur.

Razdan, Çarensavan, Abovyan, Yerevan şəhərlərinin sənaye müəssisələrinin çirkab suları və çayın sahilində yerləşən başqa yaşayış məntəqələrinin məişət tullantıları bu çaya atılır. Biz dünya ictimaiyyətini Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırırıq. Təbiət, su resursları hamınındır. Ermənistandakı ekofəallar da bu məsələyə ciddi etiraz etməli, hökuməti bu ekocinayətə son qoymağa vada etməlidirlər”.

Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə Araz çayının çirklənməsi daha da artacaq

O da qeyd edilib ki, Amerika hökuməti Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan ABŞ şirkətini məsuliyyətli davranışa dəvət etməli, onun qanunsuzluqlarına göz yummamalıdır:

“Arazdəyəndəki metallurgiya müəssisəsi işə düşərsə Araz çayının çirklənməsi daha da artacaq. Ərtaf mühiti çirklənməsi sürətlənəcək. Çayın və bölgənin eksositeminə ciddi ziyan vurulacaq. İnsanlarda müxtəlif xəstəliklər yayılacaq. Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan ciddi eko təhdidlə üz-üzə qalacaq. Bölgədə ağır sənaye zavodunun inşası geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq.

Həmin zavodun tikilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox böyük bir təhlükə olacaq. Hətta Ermənistan özü də bundan ziyan görəcək. Bir sözlə, Ermənistana beynəlxalq səviyyədə “dur” deyilməli, ABŞ isə öz şirkətini məsuliyyətə dəvət etməlidir”.

Cebhe.info