Azərbaycanda dərman problemi yoxdur?-Nazirin sözlərinə deputatdan reaksiya

Azərbaycanda dərman problemi yoxdur?-Nazirin sözlərinə deputatdan reaksiya

“Hazırda Azərbaycanda kəskin dərman qıtlığı yoxdur”.

Bunu Səhiyyə naziri Teymur Musayev deyib. Nazir bildirib ki, dünyada baş verən müharibələr nəticəsində ənənəvi logistik zəncirlərin qırılması dərman istehsalında xammalın, dərman ləvazimatlarının nisbətən azalmasına gətirib çıxarıb.

“Buna baxmayaraq, ölkəmizdə dərman qiymətlərinə nəzarət olunur”, - Teymur Musayev vurğulayıb. Nazir bildirib ki, vəziyyət daim nəzarət altındadır. Lazımi tədarüklər görülüb, ehtiyac həcmləri təmin edilib:

"Dərmanların qiymətini Tarif Şurası müəyyən edir. Strateji baxımdan vacib olan dərmanların qiyməti nəzarət altındadır və bu tənzimlənir".

Nazirin sözlərinin əksinə olaraq, ölkəmizdə apteklərdə xüsusilə, qrip əleyhinə, qızdırma dərmanları, yod kimi məshullar tapılmır.

Cebhe.info bununla bağlı apteklərdə də dəfələrlə sorğu aparıb. Əgər deyilən kimi, kəskin dərman qıtlığı yoxdursa, o zaman insanlar niyə dərman çatışmazlığından şikayətlənirlər?

Məsələ hətta deputatların da diqqətindədir. Dəfələrlə Milli Məclisdəki müzakirələr zamanı deputatlar da dərman çatışmazlığı problemini qaldırıblar.

Cebhe.info-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib ki, bəzi dərman preparatlarının təchizatında təbii olaraq, problem yaranır:

"Hal-hazırda dərman bazarına diqqət yetirsək, çeşid baxımdan yaranan bəzi problemlər olsa belə, ümumən dərman təchizatı kifayət qədərdir. Amma mən sizinlə razıyam. Yaxın xarici ölkələrdə, xüsusilə, Ukrayna, Rusiya və Belarusda istehsal olunan dərman preparatları ilə bağlı bəzi sıxıntılar var. Bu sıxıntılar isə Rusiya-Ukrayna müharibəsindən sonra yaranmış gərginliklə əlaqədardır. Bu zaman bəzi dərman preparatlarının təchizatında təbii olaraq, problem yaranır. Ancaq səhiyyə strukturları tərəfindən, xüsusilə, dərmanların qeydiyyatı, onların Azərbaycanda tətbiqi ilə bağlı heç bir sıxıntı, problem yoxdur. Əksinə, prosesin daha da liberallaşdırılmasının, daha da əlçatanlığının təmini istiqamətində addımlar atılmasının şahidiyik. Səhiyyə Komitəsində bu istiqamətdə gedən müzakirələrdə də şəxsən bunu müşahidə etmişəm, eyni zamanda Səhiyyə Nazirliyinin bu istiqamətdə mühim addımlar atdığının şahidi olmuşam. Amma dediyimiz kimi, bəzi sıxıntılar Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar olan məsələlərdir. Vərdiş və qiymət baxımından, həkimlər və əhali tərəfindən daha çox istifadə olunan dərman preparatları orada istehsal olunur”.

Deputat bildirib ki, bu dərmanları da müvafiq olaraq tərkibi eyni, digər ölkələrdə istehsal olunan dərmanlarla əvəz edilməsi prosesini sürətləndirmək lazımdır ki, həmin sıxıntılar aradan qalxsın.

Naibə
Cebhe.info