Azərbaycanda son 50 ilin ən isti və soyuq günü: Xidmət rəisi açıqladı - ÖZƏL

Azərbaycanda son 50 ilin ən isti və soyuq günü: Xidmət rəisi açıqladı - ÖZƏL

İqlim dəyişikliyi və onun canlı aləmə təsiri dünyanı getdikcə daha çox narahat edir.

İqlim dəyişikliyi təkcə orta temperaturun yüksəlməsini deyil, həm də ekstremal hava hadisələrini, vəhşi təbiətin populyasiyalarının və yaşayış yerlərinin dəyişməsini, dənizlərin səviyyəsinin yüksəlməsini və bir sıra digər təsirləri əhatə edir.

Bir neçə ay əvvəl "Azərkosmos" qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirinə dair rəqəmsal iqlim platforması hazırlayıb. Platformada iqlim dəyişikliklərinin kosmik görüntülər əsasında müqayisəli təhlili aparılıb.

Təhlillər beş istiqaməti – qar örtüyü və buzlaqları, su ehtiyatlarını, quraq və şoranlaşan yerləri, kənd təsərrüfatı ərazilərini və atmosferin dəyişməsini əhatə edir.

Peyk görüntüləri təməlində aparılan araşdırmanın nəticələrində bəlli olub ki, iqlim dəyişiklikləri bir çox sahələrdə Azərbaycana ciddi təhlükələr törədir. Peyk görüntülərinin təhlilinə əsasən, son yeddi ildə Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarında buzlaq sahələrində, ortalama, 18 faiz azalma müşahidə olunub. Həmin görüntülərin təhlili göstərir ki, son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr azalıb. Bu azalmanın 1.5 metri son beş ildə qeydə alınıb.

Ölkə üzrə quraqlıq səviyyəsi qiymətləndirilərkən Azərbaycan ərazisinin 15 faizinin çox yüksək quraqlıq riski altında olduğu bilinib. Ölkə ərazisində yanğınların kosmik monitorinq təhlilinə görə, ötən il toplam 10 min 563 hektar ərazinin yandığı müşahidə edilib. Atmosfer tərkibini dəyişdirən zərərli qazlar da ilbəil artır.

Bununla yanaşı, havanın orta çoxillik temperaturunda yüksəlmə müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirib ki, qlobal iqlim dəyişməsinin əsas səbəblərindən biri də antropogen fəaliyyət zamanı istixana effekti yaradan qazların emissiyasının çox olmasıdır. Bu da öz növbəsində temperaturun yüksəlməsinə səbəb olur:

"Ölkəmizdə də havanın temperaturu yüksələn xətt üzrə davam edir".

O qeyd edib ki, Milli Hidrometeorologiya Xidmətinin hidrometeoroloji stansiya şəbəkələrinin məlumatlarına əsasən son illər havanın orta çoxillik temperaturunun artdığını demək mümkündür.:

“Belə ki, 2007-ci ildən 2023-cü ilə qədər aparılan hidrometeoroloji müşahidələr əsasında deyə bilərik ki, ölkəmizdə havanın orta çoxillik temperaturu 1.3 dərəcə normadan yüksək olub”. 

Xidmət rəisinin sözlərinə görə, son 50 il ərzində respublika üzrə ən isti gün 2 avqust 2000-ci il tarixində Naxçıvanın Culfa və Ordubad rayonlarında 46 dərəcə, Bakı və Abşeron yarımadasında isə 1 iyul 2018-ci il tarixində Maştağada 44.5 dərəcə, Bakıda 42.7 dərəcə qeydə alınıb:

“Son 50 il ərzində ən soyuq günlər isə ölkə üzrə 28 dekabr 2002-ci il tarixində Naxçıvan şəhərində -30 dərəcə, Bakı və Abşeron yarımadasında 8 fevral 2012-ci il tarixdə -11 dərəcə müşahidə olunub”.       

N.Mahmudov onu da qeyd edib ki, son dövrlərdə təhlükəli atmosfer hadisələrinin artım tendensiyası müşahidə olunur. Belə ki, sel-daşqın hadisələrinin sayının artmasını buna misal göstərmək olar:

“Son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınmışdısa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb”.

Ləman İsmayıl
"Cebheinfo.az"