“Azneft”ə doğru “əzablı yollarla”: Problem nə vaxt bitəcək?

“Azneft”ə doğru “əzablı yollarla”: Problem nə vaxt bitəcək?

Bakı sakinlərinin hər gün saatlarla yollarda tıxaclarda qalması demək olar ki, onların “həyat tərzi”nə çevrilib.

Xüsusilə də vətəndaşlar səhərlər işə gedərkən və axşam işdən çıxan saatlarda paytaxtda dözülməz bir mənzərənin şahidi olurlar. Həm şəxsi avtomobil sahibləri, həm də ictimai nəqliyyatdakı sərnişinlər saatlarla tıxacdan nə zaman “xilas” olacaqlarını səbirsizliklə gözləyirlər. Bakıda ən dözülməz tıxacların yarandığı ərazilərdən biri də “Azneft” dairəsidir.

Demək olar ki, hər səhər sakinlər həyatlarının ən az yarım saatını Bayraq meydanından “Azneft”ə qədər olan ərazidə avtomobil və yaxud avtobuslarda gözləməklə keçirirlər. Vətəndaşlar gedəcəkləri mənzil başına çatmaq üçün nə qədər erkən yola çıxsalar da, istər-istəməz yenə də eyni mənzərənin şahidi olurlar. Şəxsi avtomobillər çətinliklə də olsa, alternativ yolu seçməli olur, ictimai nəqliyyat isə ancaq bir yoldan istifadə etməli olduğu üçün sərnişinlər ya uzun müddət avtobusların içində gözləməli, ya da düşüb piyada getməli olurlar.

Məhz bunun nəticəsidir ki, hər gün “Azneft”ə doğru piyada hərəkət edən insan seli adi hal alıb. “Azneft” dairəsində hərəkətin məhdudlaşdırılması müxtəlif səbəblərlə izah edilir.

Əsas səbəblərdən biri kimi şəhərə daxil olan nəqliyyatın hərəkətinin tənzimlənməsi, yaxud təmir işləri və digər amillər göstərilir. Həmin yoldan istifadə edən vətəndaşların alternativi olmadığı üçün “əzablı yollarla” getmək məcburiyyətindədirlər. Son günlər isə həmin ərazidə daha bir problem yaşanır. Belə ki, təmir işləri ilə bağlı “Azneft” dairəsində hərəkətin məhdudlaşdırılması səbəbindən vətəndaşlar həqiqətən “tıxac əzabı” yaşamaqdadırlar. Həmin ərazidə yolda təmir işlərinin aparılması ilə bağlı sürücülər ya daha uzaq məsafə qət etməli olur, ya da uzun müddət yolun açılmasını gözləyirlər.

Baş verənlərlə bağlı eyni vəziyyəti “İçərişəhər” metrostansiyasının qarşısından “Azneft” dairəsinə qədər olan ərazidə də görmək mümkündür.

Beləliklə, “Azneft” dairəsinin bugünlərdəki “böhranı” isə həm də yolda asfalt örtüyünün təmir işləri ilə əlaqələndirilir. Eləcə də burada təmir işləri qarşıdan gələn “Formula-1” yarışları ilə bağlı aparılır. Qeyd edək ki, “Formula-1” yarışları aprelin sonlarında keçiriləcək. Əgər həmin ərazidə yolların yenidən qurulmasına ehtiyac var idisə, bunu gecə saatlaırnda da reallaşdırmaq mümkün idi. Paytaxtda sürücülərin ən çox istifadə etdiyi ərazidə təmir işlərinin gündüzlər həyata keçirilməsi də təəccüblüdür.

Xatırladaq ki, bəzi ölkələrdə, hətta hansısa bir körpünün quraşdırılması zamanı digər məkanda hazırlanaraq bir gecədə quraşdırma işləri həyata keçirilir. Yeri gəlmişkən, yalnız indi deyil, davamlı olaraq “Azneft” dairəsində yaşanan “tıxac zülmü”ndən xilas olmaq üçün bəlkə də ən optimal variant kimi orada körpünün quraşdırılması və yaxud digər layihələr reallaşdırmaq olar. Sadəcə olaraq, mövcud “Azneft böhranı”nın həlli üçün hansısa yeni layihələr təklif edilməsi lazımdır ki, vətəndaşlar hər gün ömrünün iki saatını tıxacda keçirməsin.

Nigar Abdullayeva
Cebhe.info