Bakıda “Özbəkistan” parkının təməli qoyulub

Bakıda “Özbəkistan” parkının təməli qoyulub

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda “Özbəkistan” parkının təməlini qoyublar.

“Cebheinfo.az” xəbər verir ki, “Özbəkistan” parkı böyükmiqyaslı mədəni-rekreasiya layihəsidir.

Burada Özbəkistanın, o cümlədən Daşkənd, Səmərqənd, Buxara, Xivə və Kokand regionlarının zəngin tarixini, memarlığını və mədəniyyətini əks etdirəcək nadir mühit yaradılacaq. Sahəsi 5 hektar olacaq park Özbəkistanın xəritəsi formasında salınacaq. Burada muzey, kinoteatr, amfiteatr, qüllə, Özbəkistanın milli mətbəx nümunələrinin təqdim olunacağı restoran və kafelər, ticarət zonası, suvenir və hədiyyələr mağazaları, zoopark, mehmanxana da fəaliyyət göstərəcək. Parkın əsas obyektləri Buxara, Səmərqənd və Xivədəki memarlıq nümunələri olacaq.

Qeyd edək ki, paytaxtdakı Ağ Şəhərdə salınacaq bu park Azərbaycan və Özbəkistan dövlətləri və xalqları arasında tarixən mövcud olan qardaşlığın, dostluğun rəmzidir. Bu parkın salınması ilə xalqların mədəni əlaqələri daha da möhkəmlənəcək.

“Cebheinfo.az”