Divanları söküb şəhid tabutu düzəldən hərəkatçı:"Əhməd Cavadın oğlu imkan vermədi ki…”

Divanları söküb şəhid tabutu düzəldən hərəkatçı:"Əhməd Cavadın oğlu imkan vermədi ki…”

20 Yanvar faciəsindən 33 il keçməsinə baxmayaraq, bu tarix ona görə unudulmur ki, Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biri də o idi ki, xalq öz canından keçməyə razı olsa da, silahlı rus ordusu onun iradəsini qıra bilmədi. Əliyalın insanları qətlə yetirib, şəhəri mühasirəyə alıb, fövqəladə vəziyyət elan edilsə də, xalq öz övladlarını yalnız qoymadı, həmin gün insanların hər zaman ziyarət edəcəyi Şəhidlər xiyabanı yarandı. Xalqa qarşı törədilən soyqırımın şahidi olan milyonlarla insan həmin gün əlindən gələn köməyi etməyə çalışdı.

Bu faciənin şahidi olan, həmin vaxt çətinliklə də olsa öz dəstəyini əsirgəməyən insanlar bu gün də həmin hadisələri həm kədərlə, həm də qürurla xatırlayırlar.

Bu gün həmin gecə baş verənlərin şahidi, böyük fədakarlıqla qətlə yetirilən vətəndaşlarımızın dəfnində əməyi olan insanlardan biri, hərəkat iştirakçısı, o zamanlar mebel istehsalı ilə məşğul olan "Laçın" kiçik müəssisəsinin sahibi olmuş Şakir Ağayev xatirələrini Cebhe.info ilə bölüşdü:

“Mən Xalq Hərəkatına 1988-ci ildən qoşulmuşam və özüm indiki dillə desək, iş adamı olmuşam, “Laçın” adlı kiçik müəssisəm vardı, haqsızlığa qarşı mübarizədə həmişə öndə olmuşam. Həmin qanlı gecədə təsadüf nəticəsində sağ qalmışam. Atam həmin ərəfədə Laçın rayonundan gəlmişdi və yanvarın 19-da böyük nümayişlər keçirilirdi. Gecə saat 10.00-11.00 -da biz Prezident Aparatının qarşısında nümayişdə iştirak edirdik. Artıq Bakıya ordu yeridilmişdi.

Atam 1941-1945-ci il müharibəsinin iştirakçısı olmuşdu. Nümayiş zamanı o, böyük bir daşı götürdü və hücum etdi ki, mən sovet ordusunun mənim xalqıma qarşı belə divan tutacağını bilsəydim, ömründə almanlara atəş açmazdım.

Biz təsadüf nəticəsində sağ qaldıq və səhər bir yerə toplaşdıq, xalq tərəfindən Dəfn Komissiyası təşkil olundu. Dəfn Komissiyasının sədri Qüdrət Əbdülsəlimzadə idi, həmçinin orada "Azadlıq" qəzetinin baş redaktoru Nəcəf Nəcəfov kimi ziyalılar iştirak edirdi. Biz orada Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Qaraqaşlıya müraciət edik ki, faciə zamanı ölənlər üçün tabut lazımdır. Bildirdilər ki, 1 aydan çoxdur dəmir yolu işləmir, material yoxdur, tabut verə bilmərik.

Mən bildirdim ki, narahat olmayın, özüm təşkil edərəm. Həmin vaxt qəbirlər qazılmağa başlananda müraciət etdik ki, kim bu işlərdə kömək edə bilərsə, yardım etsin. Mən özüm ustalardan toplayıb sexə apardım. Elə xalqın içindən o adamlar bizə qoşulmuşdu. Gecə qapını bağladıq.

Sağ olsun, polisimiz də bizə şərait yaratdı, dedi ki, işləsinlər. Çünki o vaxt fövqəladə vəziyyət elan olunmuşdu. Gecə səhərə qədər sexdəki divan materiallarını sökdük və onlardan tabut düzəltdik. Hazır olandan sonra tabutları məscidə apardıq. Həmin ustalardan hazırda həyatda olanlar da var.

Biz işlə başlamazdan əvvəl Allahşükür Paşazadənin də qəbulunda olduq və o bildirdi ki, ən azı 40 tabur lazımdır. Biz 40 şəhidi gətirirdik, sonra yenidən qayıdıb 40 nəfər şəhidi dəfn edirdik. Birinci gün 100-dən artıq insanı dəfn etdik".

Müsahibimiz deyir ki, hətta Dəfn Komissiyasında "Laçın" kiçik müəssisəsinin tabutla bağlı məsələni təşkil etdiyi bildirilib:

"Ancaq həmin gecə sovet orsuna tapşırıq verildi və qumbara atıb mənim müəssisəmi partlatdılar. Mənim müəssisəmə külli miqdarda ziyan dəydi. Müəssisə səhərə qədər yandı. Həmin dövrdə Əhməd Cavadın oğlu Yelmar Axundzadə Binəqədi rayonun prokuroru vəzifəsində çalışırdı. Mən onun heç Əhməd Cavadın oğlu olduğunu bilmirdim.

Mənə qarşı cinayət işi açmaq istəyirdilər. Ancaq Yelmar Axundzadə göstəriş verdi ki, vətənin qeyrətli oğludur, olmaz. Yəni mənə cinayət işi açılmasına imkan vermədi. 40 gün ərzində də orada iştirakçı olmuşam. Vətənin qeyrətli oğllaarını, o cümlədən böyük ziyalımız Xəlil Rzanı, Etibar Məmmədovu həbs etmişdilər.

Biz o zaman Xəlil Rza və Etibar Məmmədovun həbsdən azad edilməsi ilə bağlı milyonlarla imza topladıq. Silahlı rus ordusu 40 gün bizi mühasirəyə almasına baxmayraq, xalqımız bütün şəhəri qərənfillərlə bəzəmişdilər. Milyonlarla insan gəlib Şəhidlər xiyabanını ziyarət edirdi. 20 Yanvar doğrudan da çox faciəli hadisə idi. Ancaq xalqımızın birliyi, qüdrəti, cəsarəti nəticəsində biz bu müstəqil dövlətimizi qurduq. Allah dövlətimizi, millətimizi qorusun!"

Nigar Abdullayeva
Cebhe.info