Dünyanın təhdidinə qarşı güc: Türk dövlətlərinin hərbi əməkdaşlığı

Dünyanın təhdidinə qarşı güc: Türk dövlətlərinin hərbi əməkdaşlığı

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə xüsusi əhəmiyyət verir.

Xüsusilə də son illərdə Azərbaycan bu əməkdaşlıqların inkişafında önəmli irəliləyişlərə nail olub. 

Xüsusi olaraq qeyd edək lazımdır ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alması ikitərəfli münasibətlərdə əldə olun müsbət nəticələrin əsasını təşkil edir. Bu, eyni zamanda təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına səbəb olur. Əməkdaşlıqların əsas elementlərindən biri isə məhz təhlükəsizlik məsələsidir ki, yeni dünya düzənində bu məqam xüsusi önəm daşıyır. 

Təsadüfi deyil ki, Prezident İlham Əliyevin cari ilin 9 avqust tarixində Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə etdiyi çıxış zamanı bu məqamı xüsusi olaraq vurğulayıb: 

“Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyəti böyükdür”,-deyə Prezident İlham Əliyev vurğulayıb. 

Qeyd edək ki, "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən Qazaxıstanın Aktau şəhərində keçirilib. 

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, siyasi-şərhçi Tural İsmayılov mövzu ilə bağlı “Cebheinfo.az”-a danışarkən deyib ki, Azərbaycanla Qazaxıstan arasında xüsusi əlaqələr var: 

“Təbii ki, bizim Qazaxıstanla əməkdaşlığımız həm Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edir, həm də bir sıra beynəlxalq platformalarda və təşkilatlardakı fəaliyyət bu münasibətləri dərinləşdirir. Bu əməkdaşlıq çərçivəsində hərbi məsələlərin də öz xüsusi çəkisi var. Bu baxımdan Qazaxıstanda keçirilən və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin əhəmiyyəti çox böyükdür”. 

T.İsmayılov əlavə edib ki, Azərbaycan öz torpaqlarını işğal azad edən bir orduya sahibdir:

“Bu gün Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməsi faktı dünya birliyi tərəfindən maraqla qarşılanır. Bu baxımdan “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimində Azərbaycan Ordusunun gücünə inamın yüksək səviyyədə olduğunu göstərdi. 

Cənab Prezident də Qazaxıstan səfərində bu təlimlərin önəmini xüsusi olaraq vurğuladı. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının da hərbi bir stukturunun yaranmasının labudlüyünü bir neçə dəfə dilə gətirib. Bu baxımdan hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının tərkibində hərbi bir sturukturun yaranma ehtimalı kifayət qədər böyükdür”. 

Vilayət Muxtar 
“Cebheinfo.az”