Günün reallığı: Azərbaycanlılar xaricə istirahətə yox, müalicəyə gedir

Günün reallığı: Azərbaycanlılar xaricə istirahətə yox, müalicəyə gedir

Turizm ölkələrə ən çox gəlir gətirən iqtisadi fəaliyyət sahələrindən biridir. 

Yeni il başlayıb və sektorun 2023-cü il mövsümü üçün müsbət gözləntiləri ilə yanaşı, dünyadakı mövcud vəziyyətlə bağlı qarşıda risklər də var. Qeyri-müəyyənliklərlə başlayan və artımla bitən 2022-ci il turizm mövsümündən sonra sektorun gözü artıq 2023-cü il mövsümündədir. Səyahətlə bağlı pandemiyadan əvvəlki güvənin qaytarılması, xüsusilə Böyük Britaniya və Avropada erkən rezervasiyalarda əks olunmağa başladı. Rus xalqı isə indiki qeyri-müəyyənlikdə son dəqiqəni gözləyir. 

Çinin pandemiya qadağalarını aradan qaldırmasının Türkiyə turizminə qismən müsbət, qlobal turizmə və xüsusilə Cənubi Asiya turizminə ciddi müsbət təsir edəcəyi gözlənilir. Araşdırmalar göstərir ki, Avropada artan qiymətlər və yüksək inflyasiya insanların səyahətə münasibətində böyük dəyişikliklərə səbəb olmayacaq. Yalnız bizim ölkədən gedənlərin sayı 178 ölkədən gələnlərin sayına bərabərdir. Turizmin “prioritet” elan olunduğu Azərbaycan da bu sektorun ölkədə inkişafından bəhs etsə də, real rəqəmlər hələ ki, ciddi irəliləyişin olduğunu göstərmir. Belə ki, ötən il Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Gələnlər və gedənlər kimlərdir?

2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olub. Bununla yanaşı, 2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2021-ci illə müqayisədə 1,5 dəfə (50 %) artaraq 1 489,5 min nəfər olub. Məlumata görə, vətəndaşların 44 %-i Türkiyəyə, 18 %-i Rusiyaya, 13,6 %-i İrana, 8,6 %-i Gürcüstana, 15,8 %-i digər ölkələrə səfər edib. Səyyahların 64,2 %-ni kişilər, 35,8 %-ni qadınlar təşkil edib. İrana gedənlərin sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə, Rusiyaya gedənlərin sayı isə 12,9 % artıb. Maraq doğuran isə odur ki, əgər bu gün Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min turist gəlirsə, yalnız 1 ölkədən xaricə gedənlərin sayı 1 milyon 489,5 min nəfər təşkil edib. Demək ki, yalnız bizim ölkədən gedənlərin sayı 178 ölkədən gələnlərin sayına bərabərdir. Digər məqama nəzər salsaq görərik ki, turizmin inkişaf etdiyi digər ölkələrdə bu rəqəmdən dəfələrlə çox yerli əhali elə öz ölkələrində istirahətə üstünlük verir. Məsələn, Türkiyə Statistika Təşkilatı, ölkədə 2022-ci ilin üçüncü rübü ilə bağlı daxili turizm məlumatlarını açıqlayıb. Burada göstərilir ki, keçən ilin üçüncü rübündə 19 milyon 156 min vətəndaş ölkə daxilində səyahət edib. Bir və ya daha çox gecələmə ilə ölkə daxilində səyahət edənlərin cəmi səyahət sayı, əvvəlki ilin eyni rübünə görə 1,1 faiz artaraq 23 milyon 384 min olub. Yerli turistlərin səyahət xərclərinin məbləği isə ötən ilin üçüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 112,6 faiz artaraq 63 milyard 366 milyon 190 min lirəyə çatıb. Ölkəmizdə isə daxili turizmdə də bu rəqəmi yaxalaya bilməməyimizin səbəbi, hər kəsə aydın oduğu kimi yerlərdə ilk növbədə bahalığın olması, turizm xidmətlərinin yüksək səviyyədə olmaması, eləcə də turizmin “yemək və dağ, meşə mənzərələrini izləmək”dən o tərəfə keçməməsidir. 

Türkiyənin 1 xəstəxanasına Azərbycandan daha çox turist gəlir

Ümumiyyətlə, hər bir ölkədən xaricə turist səfərləri normal bir haldır. Göründüyü kimi, Azərbaycandan xarici ölkələrə gedən turistlərin sayında da artım var. Ancaq burada narahatlıq doğuran məqam odur ki, həmin səfərlər əsasən iki təbəqəyə istiqamətlənib. Bunlardan biri, maddi imkanları xaricdə istirahətə imkan verənlər, ikincisi isə xarici ölkələrə ancaq müalicə üçün gedənlərdir. Bu isə iki problemi ortaya çıxarır. Bunlardan biri əhalinin sosial vəziyyətinin heç də yaxşı olmamasının göstəricisidir ki, əhalinin xaricdə dincəlməyə maddi imkanı yoxdur. Digər tərəfdən isə ölkəmizdə keyfiyyətsiz səhiyyənin mövcudluğu ilə bağlı səbəbdir ki, insanlar əlacı xarici ölkələrdə axtarır. Bu da bir faktdır ki, turizmin inkişaf etdiyi ölkələrdə sağlamlıq turizm növü də geniş inkişaf etməkdədir. Bu gün qonşu Türkiyədə də sağlamlıq turizmi geniş inkişaf edib. Türkiyənin Ticarət Nazirliyinin Sağlamlıq və Səyahət Xidmətləri Şöbəsinin müdiri Tarık Aksoy dünyada sağlamlıq turizmində artan tendensiya olduğunu deyib: 

“Türkiyə sağlamlıq turizmində əhəmiyyətli bir destinasiyadır. Türkiyə dünyada ilk 10-luqdadır və hətta bəzi mənbələrdə ilk 5-də yer alırıq. Bizim çox ciddi potensialımız var. Təxminən 10 ildir hökumət dəstəyi var. Nazirliyin dəstəyi Sinqapur və ABŞ kimi ölkələrdən çoxdur. Qlobal miqyasda araşdırdığımız ölkələrdən 50 dəfə çox dəstək veririk. Son 10 ildə bu dəstəklər 4 dəfə artıb. 2022-ci ildə 1 milyon turist sağlamlıq turizmi üçün Türkiyəyə gəlib. 2023-cü ildə sağlamlıq turizmində 5 milyard dollar hədəfləyirik. Türkiyədə 50 özəl xəstəxana sağlamlıq turizmi üzrə beynəlxalq sertifikat alıb. Sağlamlıq turizmində dünyada birinci olan Hindistanı keçdik. Türkiyənin səhiyyə infrastrukturu indi danılmazdır. Dünya ilə rəqabət aparırıq. Bir xəstəxanamıza 191 ölkədən xəstələr gəlib. Qiymətdə də rəqabət edirik. Keyfiyyət standartını inkişaf etdirdik və əldə etdik. Üzvlərimiz xaricə sərmayə qoymağa başladılar. Kütləvi turizmdə adambaşına düşən gəlir 650-700 dollar olduğu halda, tibbi turizmdə 2 min dollara yüksəlir”. 

Göründüyü kimi, Türkiyənin 1 xəstəxanasına xarici ölkədən gələnlərin sayı bizim ölkəyə gələn turist sayından çoxdur. Bu isə bizim nəinki ümumilikdə turizm sektorunun, səhiyyə sisteminin bərbad vəziyyətinin göstəricidir. Vətəndaşlarımız bu gün müalicə üçün Türkiyə, İran, İsrail, Almaniya kimi ölkələrə üz tutmalı olurlar. Ancaq bu imkandan da  maddi durumu yaxşı olanlar yararlana bilirlər. Çünki xaricə səfər, xəstəxana xərcləri də xeyli vəsait tələb edir. Demək ki, xaricə gedə bilməyən vətəndaşların aqibətinin necə olduğunu düşünmək çətindir. Ölkədə səhiyyə sistemin yüksək səviyyədə inkişafı nəinki əhalinin xarici ölkələrdə sərf etdiyi vəsaitin ölkəmizdə qalmasına imkan yaradar, eyni zamanda sağlamlıq turizmi ilə bağlı ölkəmizə milyonlarla dollar valyuta gətirər. Bununla bağlı bu gün adətən bir neçə Rusiya vətəndaşının Naftalanda müalicə alması sübut kimi görtərilsə də, 191 ölkə ilə müqayisədə bu çox cüzi bir rəqəmdir. Əgər bu gün vətəndaşlarımız öz sağlamlığı üçün xaricə üz tutursa, sağlamlıq turizmi üçün ölkəyə turist cəlb edə bilmiriksə, demək, hələ də ölkəmizdən gedənlərlə gələnlərin sayında heç bir fərq olmayacaq. 

Nigar Abdullayeva
Cebhe.info