İmtahan suallarından kütləvi narazılıq: “Bir qrup şagirdin…” - DİM

İmtahan suallarından kütləvi narazılıq: “Bir qrup şagirdin…” - DİM

Azərbayacanda növbəti buraxılış imtahanı keçirilib. və imtahanda 50 mindən çox şagird iştirak edib.

Ancaq imtahanla bağlı fikirlər birmənalı deyil. Bir çox məktəbli və onların valideynləri imtahan suallarının çətin olmasından şikayətlənib. Əsas narazılıqlar Azərbaycan dili fənni ilə bağlıdır. Məsələ ilə bağlı DİM-dən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına daxil olan fənlərin proqramı 5-11-ci siniflərdə tədris olunan mövzuları əhatə edir:

“11-ci sinifdə fevral ayından sonra keçilən mövzular imtahanda istifadə olunmur. Bu qaydaya uyğun olaraq 11-ci siniflər üçün buraxılış imtahanı artıq 5-ci ildir ki, keçirilir və bu imtahanlar layihələndirilərkən həm orta məktəblərdə keçirilən monitorinq imtahanlarının, həm də son dörd ildə keçirilən buraxılış imtahanlarının elmi-statistik göstəricilərinə aid təhlillərdən istifadə edilir. Bu təhlillər isə onu göstərir ki, imtahanla bağlı göstəricilər müxtəlif hazırlıq səviyyəsinə malik şagirdlərdən gözlənilən nəticələrə uyğundur və bu baxımdan son beş ilin göstəriciləri bir-birinə çox yaxındır.

Belə ki, tapşırıqların sinif və mürəkkəblik səviyyəsi dəyişdikcə bunların cavablandırılması da şagirdlərin hazırlıq səviyyəsinə uyğun şəkildə dəyişildiyi müşahidə edilir. Buna görə də imtahanda müəyyən tapşırıqları zəif cavablandırmış bir qrup şagirdin imtahanla bağlı rəylərinə əsaslanaraq imtahanın ümumi çətinlik səviyyəsi haqqında fikir bildirmək tamamilə əsassızdır”.

DİM bir daha qeyd edib ki, buraxılış imtahanlarında istifadə edilən bütün test tapşırıqları istisnasız olaraq yalnız və yalnız müvafiq fənlər üzrə təhsil proqramında yer alan bilik və bacarıqları yoxlamağa xidmət edir:

“Bu imtahanlarda istifadə edilən bütün tapşırıqların hazırda qüvvədə olan təhsil proqramına uyğun olaraq aid olduğu sinif, mövzu, məzmun xətti, əsas və alt standartlara aid məlumatlar Dövlət İmtahan Mərkəzində mövcuddur və imtahan nəticələri elan edildikdən sonra müraciət edən hər bir şagirdə bununla bağlı ətraflı izah veriləcəkdir”.

Nigar Abdullayeva
Cebhe.info