ÜST yenə qorxudur: Azərbaycanda da "hərarət artacaq"?

ÜST yenə qorxudur: Azərbaycanda da "hərarət artacaq"?

Ekvatorial Qvineyada Marburq qızdırmasına yoluxma artır.

Cenevrədə keçirilən brifinqdə ümumdünya Səhiyyə Təşkilatının (üST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, indiyədək 9 nəfər Marburq qızdırmasına yoluxub, onlardan yeddisi ölüb.

üST-nin məlumatına görə, daha səkkiz yoluxma barədə Tanzaniyadan xəbər gəlib, onlardan da beşi ölümlə nəticələnib.
Qebreyesusun sözlərinə görə, xəstəliyə yoluxanlardan ikisi tibb işçisi olub, onlardan biri dünyasını dəyişib.

Maraqlıdır, xəstəliyin əhatə dairəsinin daha da genişlənməsi mümkündürmü?

Cebhe.info-ya açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, koronavirus kimi ciddi hal alacağı gözlənilmir:

"Qızdırmaların müxtəlif formaları var. Bu qızdırma növləri əsasən ekvatorial iqlimdə olur. Xəstəliyin yayılma prosesi sürətli olur, amma bütün dünyanı koronavirus kimi bürüməsi ehtimalı yoxdur.Bir aylıq karantinlə də bunun digər ölkələrə yayılmasının qarşısını almaq mümkündür. Müəyyən qədər öldürücüləyə sahib qızdırmadır, amma böyük problem yaradacaq qızdırma deyil".

Qərbi Afrikada ilk dəfə 2021-ci ilin avqustunda görülən Marburq qızdırması, 2014-2016 və 2021-ci illərdə görülən Ebola epidemiyasının da başlanğıc nöqtəsi olan Qvineyanın cənubundakı Gueckedu bölgəsində təsbit edilib.

Alimlərin fikrincə, Marburq qızdırmasında ölüm nisbəti 90 faizədək çatır. Ebola ilə yaxın "qohum" olduğu bildirilən Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib.

Xəstəlik meyvə və yarasalar vasitəsilə yayılır. Marburq qızdırması insanlar arasında bədən mayesi və ya yoluxmuş şəxslərin təması ilə də yayılır.

İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi təsirlər birdən-birə baş verir və 7 gün ərzində bir çox xəstələrdə ağır hemorragik simptomlar inkişaf edir.

Virusun ilk aşkar edildiyi 1967-ci ildən bəri Cənubi və Şərqi Afrika, eləcə də Avropada 12 Marburq qızdırması hadisəsi qeydə alınıb.
2005-ci ildə Anqolada Marburq qızdırmasına yoluxan 252 nəfərdən 220 nəfəri və ya 90 faizi vəfat etmişdi.

Naibə
Cebhe.info