Zəngəzur dəhlizi üçün hərbi qarşıdurma?

Zəngəzur dəhlizi üçün hərbi qarşıdurma?

“Rusiya və Azərbaycanın hərbi hərəkətləri dəhlizin açılmasının yollarından biri ola bilər ki, bu da Ermənistanın ərazi bütövlüyünün pozulmasına gətirib çıxaracaq”. 

Bu sözləri İran İslam Respublikasının Azərbaycanda sabiq səfəri Möhsün Pakayin “Mehr” xəbər agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, əgər Azərbaycan Zəngəzur dəhlizini açmaq üçün hərbi yola baş burarsa, İran və Ermənistanın beynəlxalq sərhədləri də pozulacaq. 

“Belə bir hadisə baş verərsə, Qərb dövlətləri Ermənistana mütləq kömək edəcək və regionda yeni müharibə başlayacaq, ona görə də mən düşünmürəm ki, Rusiya və Azərbaycan regionda növbəti müharibənin olmasını istəsin.

Çünki Azərbaycan və Ermənistan Qarabağı bir müddət əvvəl başa vurublar”, - deyə M.Pakayin vurğulayıb. 

Maraqlıdır, Rusiya və Azərbaycan AZəngəzur dəhlizinin açılması üçün Ermənistanla hərbi qarşıdurmaya gedə bilər? Yaxın zamanda ölkələr bu məsələdə hansı mövqeyi nümayiş etdirəcək? 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az” - a şərhində qeyd edib ki, Azərbaycan heç bir zaman bu yola baş vurmaz: 

“Əlbəttə ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ müəyyən mənada ciddi problem yaradır. Ona görə ki, artıq prosesə kənar oyunçular daxil olmağa başlayıblar. Burada əsasən İranı və kollektiv Qərbi nəzərdə tuturam. O ki qaldı Azərbaycan Rusiyanın təhriki ilə Ermənistanla növbəti müharibəyə baş vurmasına, hesab etmirəm ki, rəsmi Bakı belə bir avantüraya getsin. 

Azərbaycan heç vaxt bu yola baş vurmayacaq. Azərbaycan regionda münaqişənin yenidən alovlanmasında və növbəti müharibənin baş verməsində maraqlı deyil. Azərbaycan kənar oyunçuların Zəngəzur məsələsinə müdaxilə etməsini nəzərə alaraq dəhliz ilə bağlı məsələni sülh gündəliyindən çıxarıb. Rəsmi Bakı Zəngəzur dəhlizi ilə bağlı məsələnin ayrıca müzakirə olunmasını təklif edib. 

Moskvanın ürəyincə olardı ki, Azərbaycan Zəngəzur məsələsini hərbi yolla həll etsin. Amma Azərbaycan bu yolun hansı ağır nəticələrə səbəb olacağını dəqiq hesablayıb. Ona görə də Rusiya nə qədər təhrik etsə də, Azərbaycan Ermənistanla heç bir hərbi qarşıdurmaya getməyəcək. 

Azərbaycan bu məsələnin diplomatik-siyasi yolla həllinin tərəfdarıdır. Hesab edirəm ki, bu məsələ zamanında öz həllini tapacaq”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”