Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev özünü təqsirli bilmir

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev özünü təqsirli bilmir

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi davam etdirilib.

“Cebheinfo.az” APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə Hüseyn Abdullayev onlayn qoşulub.

O, əvvəlki prosesdə mediada yayılan fotosunu əsas gətirərək kamera qarşına çıxmaqdan imtina edib.

Hakim Azər Tağıyev o halın təkrar baş verməməsi üçün bütün lazimi tədbirlərin görüldüyünü nəzərə çatdırsa da, o, fikrindən daşınmayıb.

Vəkil Ceyhun Yusifov müdafiə etdiyi şəxsin səhhəti ilə əlaqədər olaraq professor Adil Qeybullanın müalicə müəssisəsinə dəvət edilməsi ilə bağlı vəsatət qaldırıb:

“Müdafiə etdiyim şəxsin vəziyyəti ağırdır, çəki itirib. Onun müalicə müəssisində müalicəsinin davam etdirilməsi ilə bağlı vəsatət bundan öncəki prosesdə təmin edilmədi. Lakin bizə bildirdilər ki, məhkəmə icazə versə, müayinə üçün həkimə gedə bilər. Buna məhkəmənin icazəsi lazımdır”.

Professor Adil Qeybullanın dəvət edilməsi vəsatətinə dövlət ittihamçısı etiraz edib. Məhkəmə vəsatəti təmin edib.

Daha sonra prokuror ittiham aktını elan edib.

Təqsirləndirilən şəxs ittiham aktı ilə razılaşmayıb və ittihamı əsassız adlandırıb. H. Abdullayev özünü təqsirli hesab etməyib.

Hakim Azər Tağıyev cinayətin sübuta yetirildiyi halda təqsirləndirilıən şəxsi 7 ildən 12 ilədək həbs cəzası gözlədiyini nəzərə çatdırıb.

Daha sonra Hüseyn Abdullayev istintaqa verdiyi ifadəni təsdiq edib.

Məhkəmədə şahid qismində ifadə verən İlqar Mustafayev bildirib ki, Hüseyn Abdullayevi 1994-cü ildən tanıyır:

“1995-ci ildə onun restoranında administrator vəzifəsində işləmişəm. Onun digər obyektlərində də işçilərə nəzarət edirdim. Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva mənə etibarnamə vermişdi. Mən onların ödəniş işlərini də həyata keçirirdim. Onların obyektlərindən pul yığırdım. Pulları bəzən nağd özlərinə təhvil verirdim, bəzən də onların bank hesabına köçürüdüm. Tapşırıqları mənə hər üç şəxs verirdi”.

Prokurorun Hüseyn Abdullayevin harada bank hesablarının olması barədə sualına şahid cavab olaraq bildirdi ki, onun “Yapı Kredi” bankda hesabı olub.

Şahid ifadəsində qeyd etdi ki, Hüseyn Abdullayev ölkəni tətk etdikdən sonra onunla telefon əlaqəsi olub:

“Mən onunla telefonla əlaqə saxlayırdım. O, mənə göstəriş vermirdi. Hətta mən onun dəvəti ilə 2-3 dəfə Türkiyəyə getmişəm. 2-3 gün evində qonaq olmuşam”.

O, prokurorun suallarına cavab olaraq orada H. Abdullayevin bahalı maşını olduğunu deyib.

Şahid onu da qeyd edib ki, onlar həmişə qanuni çalışıblar: “Biz obyektləri qanuni sənəd üzrə icarəyə verirdik. Həmişə rəsmi sənədləşmə olub. Gördüyümüz işlər tam qanuni olub”.

Şahidin ifadəsi bitdikdən sonra vəkil Günay İsmayılova şahidin istintaq dövründə verdiyi ifadə ilə indiki ifadənin ziddiyyət təşkil etdiyini məhkəməyə bildirib.
Proses oktyabrın 3-də davam etdiriləcək.

Baş Prokurorluğun yaydığı məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilməklə, leqallaşdırma hesabına əldə edilmiş əmlaklar, digər qanunsuz maliyyə əməliyyatları və əqdlər barədə ayrı-ayrı ölkələrə hüquqi yardımların göstərilməsi ilə bağlı vəsatətlər göndərilib, eləcə də, həmin ölkələrin səlahiyyətli orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zəruri olan bütün tədbirlər icra edilir.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib.

O, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hazırda həbsdədir.

“Cebheinfo.az”