Bu gün "Formula 1" Azərbaycan Qran-prisinin qalibi bilinəcək

Bu gün "Formula 1" Azərbaycan Qran-prisinin qalibi bilinəcək

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2, daha sonra Formula 1 üzrə əsas yarış start götürəcək.

Formula 1-də sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə “Ferrari”nin monakolu pilotu Şarl Lekler imza atıb. “McLaren”in avstraliyalı sürücüsü Oskar Piastri ikinci, “Ferrari”nin digər üzvü, ispaniyalı Karlos Sayns üçüncü olublar. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.

Formula 2 üzrə sprint yarışında “PHM AIX Racing” komandasının paraqvaylı pilotu Yosua Dürksen finiş xəttinə birinci çatıb. DAMS komandasının amerikalı sürücüsü Cek Krauford ikinci, “Prema”da çıxış edən italiyalı Qabriel Mini üçüncü pillədə qərarlaşıblar.

Pilotların siyahısında “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. “McLaren”də çıxış edən Lando Norris 241 xalla ikinci yeri tutub. İlk “beşliy”i isə 217 xalla Şarl Lekler (“Ferrari”), 197 xalla Oskar Piastri (“McLaren”), 184 xalla Karlos Sayns (“Ferrari”) tamamlayıblar.

Konstruktorlar kubokuna isə 446 xalla “Red Bull” komandası başçılıq edir. “McLaren” 438 xalla ikinci, “Ferrari” 407 xalla üçüncü sırada yer alıblar. Sonrakı yerlərdə “Mercedes” (292), “Aston Martin” (74), RB (34), “Haas” (28), “Alpine” (13), “Uilliyams” (6) və “Sauber” (0) komandaları qərarlaşıblar.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

"Cebheinfo.az"