Dünya çempionatı: Eldəniz Əzizli finala yüksəldi - YENİLƏNİB
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda təşkil olunan dünya çempionatında finala yüksəlib.
55 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda İran təmsilçisi Puya Dad Marzla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Əzizli sabah qızıl medal uğrunda görüşə çıxacaq.
17:32
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Bu gün yunan-Roma güləşi üzrə yarışlara start verilib.
Azərbaycan təmsilçilərindən dördü mübarizəyə qoşulub.
55 kq çəki dərəcəsində ikiqat dünya çempionu Eldəniz Əzizli startda Tayqa Onişini (Yaponiya) 3:1 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib. Onun buradakı rəqibi qazaxıstanlı Marlan Mukaşyov olub. 6:0 hesabı ilə qalib gələn E.Əzizli yarımfinala adlayıb.
77 kq-da Sənan Süleymanov startda Conni Sarkkinenə (Finlandiya) qalib gəlib - 5:1. Daha sonra o, vaxtından əvvəl ABŞ-li Kamal Beydən üstün olub - 8:0. 1/8 finalda Aleksandrin Qutaya (Moldova) 3:1 hesabı ilə qalib gələn idmançımız 1/4 finala yüksəlib. Burada onun rəqibi Demeu Jadrayev (Qazaxıstan) olub. Rəqibini 5:1 üstələyən S.Süleymanov yarımfinala yüksəlib.
82 kq çəki dərəcəsində dünya çempionu Rafiq Hüseynov ilk görüşündə Erik Şilvassiyə (Macarıstan) 4:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Burada onun rəqibi rusiyalı Aues Qonubov olub. Rəqibini 10:5 üstələyən R.Hüseynov yarımfinala çıxıb.
130 kq-da Beka Kandelaki startda Yakobi Kajayaya (Gürcüstan) uduzub. Gürcü idmançı 1/4 finalda dayandığı üçün B.Kandelaki medal şansını əldən verib.
Xatırladaq ki, Azərbaycan millisi dünya çempionatında iki medal əldə edib. Sərbəst güləşçilərdən Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) gümüş medala sahib olublar. Maqomedov, həmçinin, gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Cebhe.info