FİFA İsraillə bağlı qərar verə bilmir

FİFA İsraillə bağlı qərar verə bilmir

Fransada sol blokun ən böyük partiyası olan “Əyilməz Fransa” (LFI) partiyasından olan parlament üzvü Tomas Portes “change.org” saytında FİFA-nın İsraili bütün beynəlxalq futbol yarışlarından kənarlaşdırması üçün petisiyaya başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Avropa və Şimali Afrikanın bir çox ictimai xadimləri imza kampaniyasını dəstəkləyiblər.

Sözügedən kampaniyanın bəyanatında dünyanın 11 aydır Qəzzada davam edən soyqırımına şahidlik etdiyi bildirilib və bu soyqırımın indiyədək davam edən işğal və blokada çərçivəsində həyata keçirildiyi diqqətə çatdırılıb.

Açıqlamada fələstinlilərə qarşı kütləvi qətllərin törədildiyi, bölgədə 92 fələstinli futbolçunun həyatını itirdiyi və Qəzzada idman üçün istifadə edilən infrastrukturun tamamilə məhv edildiyi bildirilib, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya və Belarusun beynəlxalq idman növlərinə qadağa qoyulduğu xatırladılıb.

Bəyanatda FİFA-nın məsuliyyəti öz üzərinə götürməsi və İsrailin beynəlxalq yarışlara qadağa qoyulması tələb olunub.

Xatırladaq ki, FİFA ötən gün keçirdiyi iclasda məsələ ilə bağlı qərar qəbul etməyib. FİFA prezidenti Canni İnfantino FİFA-nın bu məsələyə çox həssas yanaşdığını ifadə edərək, "Biz çox əhatəli bir qiymətləndirmə əsasında müstəqil ekspertlərin tövsiyələrinə əməl etdik" deyib.

Bildirək ki, Canni İnfantinonun rəhbərliyi altında FİFA Rusiyanın Ukraynanı işğal etməsindən sonra bir həftə ərzində Rusiyanı bütün tədbirlərə girişini qadağan etmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"