İsrail futbolçularını etirazla qarşıladılar
İtaliyada UEFA Millətlər A Liqasının 2-ci qrupunda İtaliya və İsrail milli futbol komandaları arasında keçirilən oyundan əvvəl Fələstinə dəstək yürüşü keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, ev sahibi İtaliyanın Udine şəhərində İsraili qəbul etdiyi və onlara 4:1 hesabı ilə qalib gəldiyi matç etiraz yürüşü və geniş təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Matçdan əvvəl Udine şəhərinin mərkəzindəki Repubblica meydanına toplaşan minlərlə insan İsrailin Qəzzada törətdiklərinə və Livanda davam edən hücumlara reaksiya verib.
Yürüş zamanı nümayişçilər Fələstin bayraqları daşıyıb, "Azad Fələstin", "Soyqırımı dayandırın", "İtaliya-İsrail matçının nəticəsi = İnsanlığın məğlubiyyəti" şüarları qaldırıblar.
Təşkilatçılar yürüşə təxminən 3 min adamın qatıldığını bildirib.
Yürüş insidentsiz başa çatıb. Digər tərəfdən, İtaliya təhlükəsizlik qüvvələrinin matçın keçirildiyi Bluenergy Stadionu və ətrafında geniş təhlükəsizlik tədbirləri gördüyü açıqlanıb.
Bildirilib ki, İtaliya polisi gələn hər bir avtomobili və şəxsi terrorla mübarizə çərçivəsində ciddi yoxlayaraq daha sonra stadiona buraxıb. Bu arada İtaliya-İsrail matçının əvvəlində dövlət himnləri oxunarkən Bluenergy Stadionunda bəzi italyan azarkeşlər İsrail himnini fit çalaraq, digərləri isə alqışla qarşılayıb.
Nigar Hacılı
"Cebheinfo.az"