"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

"Neftçi"nin baş məşqçisi: "Futbolda mümkünsüz heç nə yoxdur"

"Pis oynadığımızı düşünmürəm. Epizodları məntiqli sonluğa çatdıra bilmirdik. Rəqib bizi əks-hücumda tutmağa çalışırdı. Bir şansları oldu və ondan da yararlandılar".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis növbəti görüşə hazırlaşacaqlarını bildirib: "Cavab matçında iki top fərqi ilə qalib gəlməliyik. Futbolda mümkünsüz heç nə yoxdur".

Rumıniyalı baş məşqçi yerli oyunçularla bağlı problemlərinin olduğunu söyləyib: "Eddi İsrafilov zədələndi, Azər Salah isə tempi eyni səviyyədə qoruya bilmir. Sonradan qarşılaşmaya qoşulanların pis oynadığını düşünmürəm. ümid edirəm ki, Eddinin zədəsi ciddi olmayacaq".

Regekamf "Qarabağ"a 0:4 hesablı məğlubiyyətin komandaya təsir etməməli olduğunu sözlərinə əlavə edib: "Kifayət qədər keyfiyyətli futbolçularımız var. İnanıram ki, hər şey gələcəkdə daha yaxşı olacaq".

Mütəxəssis növbəti oyunlara köklənməli olduqlarını diqqətə çatdırıb: "Futbolçularımıza inanmalıyıq. Premyer Liqa matçlarında da qalib gəlməliyik. Komandamız ölkə kubokunda da mərhələ keçməlidir".

O, istega verəcəyi ilə bağlı yayılan xəbərlərə də toxunub: "Bu barədə mənə daha əvvəl də sual verilib. Tam olaraq "Neftçi"dəki işimə köklənmişəm. Mediaya mənim haqqımda xəbər yazmağı qadağan edə bilmirəm. Nə istəsəniz, yaza bilərsiniz. Bu, sizin hüququnuzdur. Mən "Neftçi"dəyəm. Klubda yenicə toplantı olub. Heyəti gücləndirmək barədə danışmışıq. Mən tərəfdən heç bir problem yoxdur. Komandamı dəyişmək barədə düşünmürəm".

Cebhe.info