“Xəzər Lənkəran” qayıdarsa: Hansı liqadan mübarizəyə qoşulacaq?
Zaman-zaman “Xəzər Lənkəran” klubunun yenidən fəaliyyətini bərpa etməsi gündəmə gəlir.
Bu isə başda yerli futbol azarkeşlərinin həyəcanına səbəb olur. Çünki belə bir komandanın yenidən futbolumuza qayıtmasına ciddi ehtiyac var.
Xüsusilə də Lənkəranda bunu çox arzulayırlar. Xatırladaq ki, “Xəzər Lənkəran” 1 dəfə Azərbaycan Liqasında, 3 dəfə ölkə kubokunda, 1 dəfə ölkə superkubokunda, 1 dəfə də Birlik Kubokunda çempion olub.
Müxtəlif zamanlarda 2016-cı ildən bəri fəaliyyətini dayandıran komandanın yenidən böyük futbola qayıdacağı ilə bağlı iddialar səsləndirilir. Lakin bunun olacağı təqdirdə, “Xəzər Lənkəran”ın hansı liqadan mübarizəyə başlaya biləcəyi də müzakirə predmetinə çevrilir. Bəziləri klubun Həvəskar Liqadan, bəziləri Birinci Liqadan, bəziləri isə Premyer Liqadan mübarizəyə başlayacağını deyir.
Maraqlıdır, “Xəzər Lənkəran” fəaliyyətini bərpa edəcəyi təqdirdə, mübarizəyə hansı liqadan başlayacaq?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən “Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eskperti, tanınmış idman jurnalisti Elçin Cəfərov bildirib ki, “Xəzər Lənkəran” zəngin tarixi olan klub idi:
“Lənkəran təmsilçisi Premyer Liqada mübarizə apardığı dönəmdə Azərbaycan futboluna xüsusi rəng qatan komanda idi. Hətta deyərdim ki, Azərbaycan Premyer Liqasında rəqabəti də məhz “Xəzər Lənkəran” gətirdi. Onların “Neftçi” ilə rəqabəti hər kəsə bəlli idi. Azarkeşlər baxımından da klubun çox yaxşı bazası var. Sanki şəhər futbolla nəfəs alırdı. Futbol şəhər üçün çox önəmlidir və əlavə bir məşğuliyyət idi. “Xəzər Lənkəran”ın oyun günlərində Lənkəran yaşıl-ağ rənglərə boyanırdı. Yəni belə bir klubunun qayıtması futbolumuza güc qatacaq”.
Ekspert hesab edir ki, “Xəzər Lənkəran”ın fəaliyyətini bərpa edəcəyi təqdirdə mübarizəyə Birinci Liqadan başlaması daha yaxşı olar:
“Çünki Həvəskar və ya İkinci Liqadan başlayacağı təqdirdə müəyyən vaxta ehtiyac olacaq. Bu müddət ərzində isə klub rəhbərliyinin komandaya istənilən vəsaiti ayıracağına inanmıram.
Amma Birinci Liqadan başlayacağı və maliyyə dayaqları yaxşı olacaqsa, komandanın qısa zamanda Premyer Liqaya vəsiqə qazanacağını düşünürəm.
Birbaşa Premyer Liqadan mübarizəyə başlaması isə ədalətsizlik olardı.
Məsələn, ədalətli idman mübarizəsinə görə “Qəbələ”ni Birinci Liqaya düşməsinə razılıq verildi. Halbuki, Premyer Liqada da saxlanıla bilərdi.
Bu baxımdan, “Xəzər Lənkəran” geri qayıdarsa, Birinci Liqadan mübarizəyə başlamalı və maddi vəziyyəti də yaxşı olmalıdır. Çünki ardıcıl 3-4 il Birinci Liqada mübarizə aparsa və amma maddi vəziyyəti yaxşı olmasa, azarkeşləri razı sala bilməyəcəklər”.
Elmir Mustafa
“Cebheinfo.az”