Avro kəskin ucuzlaşacaq

Avro kəskin ucuzlaşacaq

Qlobal investisiya bankı "Morgan Stanley", Avropa Mərkəzi Bankının (ECB) "büdrəyən" iqtisadiyyatın öhdəsindən gəlməyə çalışdığı bir mühitdə faiz endirimlərini sürətləndirəcəyi üçün, aylar ərzində avronun dollar qarşısında dəyərini itirəcəyini gözləyir.

"Cebheinfo.az" Marja.az-a istinadən xəbər verir ki, Bankın valyutalar üzrə departamentinin rəhbəri Devid Adams Bloomberg-ə verdiyi müsahibəsində, avronun ilin sonuna kimi 1,02 dollara düşəcəyini gözlədiklərini bildirib.

Bu da hazırkı səviyyələrdən (1.1041) təxminən 7 faiz ucuzlaşma deməkdir.

 

Bu proqnoz, Avropa Mərkəzi Bankının növbəti üç iclasında faiz dərəcələrini azaltmağa davam etməsi və 0,50 bəndlik faiz endirimi edilməsi ssenarisinə əsaslanır.

Avropada artan siyasi qeyri-müəyyənlik indi avroda ucuzlaşma tendensiyası olduğuna inamı artırır. Son aylarda Fransa siyasətinə çox diqqət yetirilsə də, Adams, Almaniyadakı siyasi prosesləri regionun uzunmüddətli siyasi sabitliyi üçün eyni dərəcədə narahatedici hesab edir. İqtisadi inkişafın yavaşladığı bir vaxtda siyasi risklərin və qeyri-müəyyənliyin artdığını qeyd edən Adams, "Bu faktorların hər ikisi investorların bölgəyə sərmayə qoymağa daha az həvəsli olacağını göstərir" deyib.

Digər tərəfdən, hazırda valyuta bazarları bu il Avropada faiz dərəcəsinin təxminən 0,60 faiz bəndi endiriləcəyini ehtimal edir. ABŞ-da isə təxminən 1,10 faiz bəndi həcmində daha böyük azalma gözlənilir.

"Cebheinfo.az"