Azərbaycanda “Biznesdə qadınların gücü” layihəsinin iştirakçıları məlum olub

Azərbaycanda “Biznesdə qadınların gücü” layihəsinin iştirakçıları məlum olub

2022-ci ildə start verilmiş “Biznesdə qadınların gücü” layihəsində iştirak edəcək qadın sahibkarların seçimi başa çatıb.

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, layihədə iştirak etmək üçün 134 müraciət daxil olub. Layihənin Münsiflər Heyəti tərəfindən Bakı şəhəri və ölkə regionlarında fəaliyyət göstərən 23 qadın sahibkar seçilib. Onlar kənd təsərrüfatı, emal, qida, yüngül, yaradıcı və digər sahələrdə fəaliyyət göstərirlər.

Yanvarın 30-da “Bakı KOB evi”ndə “Biznesdə qadınların gücü” layihəsinin təqdimatı keçirilib. Layihənin təşkilatçıları və tərəfdaşlarının iştirakı ilə keçirilmiş tədbirdə qeyd edilib ki, “Biznesdə qadınların gücü” layihəsinin məqsədi qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır. Layihə çərçivəsində qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvörkinq” tədbirləri təşkil ediləcək. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5 000 manat, 2-ci yer 3 000 manat və 3-cü yer 2 000 manat).

Tədbirdən sonra “Biznesdə qadınların gücü” layihəsinin iştirakçıları üçün ilk təlimlərə başlanılıb. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri tərəfindən qadın sahibkarlara kommunikasiya, liderlik, mübahisələrin idarə olunması və s. mövzularda məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva tərəfindən mentorluq təlimi keçirilib.

Layihə iştirakçıları sahibkarlara dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim olunduğu “Bakı KOB evi”nin fəaliyyəti ilə də tanış olublar.

Cebhe.info