Azərbaycanda hansı sahələrdə maaşlar daha çox artıb?

Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 % artaraq 1 003,3 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Maraqlıdır, hansı sahələrdə daha çox əməkhaqqı artıb?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev "Cebhe.info"-ya açıqlamasında deyib ki, muzdla çalışan işçilərin maaşları cüzi miqdarda artıb:
“Ölkəmizdə əhalinin böyük əksəriyyətinə aşağı məbləğdə əməkhaqqı verilir. Belə ki, dövlət sektorunda işləyən işçilərin çoxu minimal əməkhaqqı ilə çalışır. Onlara verilən maaşlar təqribən 350-500 manat civarındadır. Belə olan halda 1000 manatlıq əməkhaqqından danışılamaz. Sadəcə olaraq, rəhbər şəxslərlə işçilərin maaşları bir arada hesablandıqda ortaya belə bir statistika rəqəm çıxır”.
O xatırladıb ki, bu il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1749,4 min nəfər olub, onlardan 893,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 856,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib:
“Hazırda muzdla işləyənlərin təxminən 20 %-i təhsil, 10-12 %-i sənaye, 18 %-i xidmət, qalan hissələr isə iqtisadiyyatın digər sahələrində çalışır. Onların da maaşlarında ciddi bir artım yoxdur. Yeni gələn işçilər isə minimal əməkhaqqı ilə fəaliyyət göstərirlər”.
Vüqar Qocayev qeyd edib ki, maaşlar yalnız minimal əməkhaqqı artdığı zaman artır:
“Ölkəmizdə bir neçə ildir ki, minimal əməkhaqqı ildə bir dəfə olmaqla artır. Bu səbəbdən minimum əməkhaqlarında 10-11 faiz artım olur. Yəni minimal əməkhaqqları artdığı zaman maaşların artmasından danışıla bilər. Lakin ümümilikdə açıqlanan rəqəmlər sadəcə ümümi statistik rəqəmlərdir. Praktikada bunun heç bir hüquqi əsası yoxdur”.
Həsən Məmmədov
“Cebhe.info”