Azərbaycanda yüz minlərlə avtomobil ucuzlaşa bilər

Azərbaycanda yüz minlərlə avtomobil ucuzlaşa bilər

Bu ilin ilk 3 ayında Azərbaycana 19 571 ədəd avtomobil idxal olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal olunan avtomobillərin ümumi dəyəri 361 milyon dollar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gətirilən avtomobillərin sayı azalsa da, qiyməti artıb. Belə ki, 2023-cü ilin yanvar-mart aylarında 315 milyon dollar dəyərində 20 799 ədəd avtomobil Azərbaycana gətirilib. 

Ölkəyə gətirilən avtomobillərin 17 610 ədədi əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri olub. Azərbaycana idxal olunan avtomobillərin bir ədədinin orta qiyməti 18 min dollara yaxın olub. 2023-cü ilin ilk 3 ayında isə bu rəqəm 14.4 min dollar idi. Bu il Azərbaycana gətirilən avtomobillərdən 830-u elektromobil (yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri), 3615-i isə hibrid avtomobil (daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri) olub. Ötən ilin eyni dövrü ilə müqayisədə hər iki avtomobil sayında artım qeydə alınıb. İdxal olunan hibrid və elektrik avtomobillərin qiymətində də artım qeydə alınıb. Yanvar-mart aylarında Azərbaycana 118 milyon manatlıq hibrid, 35 milyon dollar dəyərində elektrombil gətirilib. Hibrid avtomobillərinin birinin qiyməti ötən il 21.7 min dollar olduğu halda, bu il 32.6 min dollar olub. Elektromobillərin birinin orta qiyməti isə 2023-cü ildə 41.6 min dollar, 2024-cü ildə 42.5 min dollar olub. 

Maraqlıdır, ölkəmizdə köhnə avtomobillərin qiyməti ucuzlaşırmı? 

Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya bildirib ki, bu avtomobillərdə ucuzlaşa ola bilər: 

“İstehsal tarixindən asılı olaraq bəzi avtomobillərin qiyməti dəyişir. Burada avtomobillərin xassələrinə diqqət etmək lazımdır. 

Məsələn, premium seqmentli avtomobillər istehsal tarixindən 10 ilə yaxın vaxt keçdikdə, dəyərindən qat-qat aşağı təklif edilir. Bununda səbəbi həmin avtomobillərin ehtiyat hissələrinin baha, texniki xərclərinin daha çox olmasıdır. Ancaq bəzi avtomobillər də var ki, onların dözümlülüyü, etibarlılığı, müştəri razılığı olduğuna görə qiyməti o qədər də aşağı olmur. Ümumilikdə götürsək, ekonom orta seqmentli avtomobillərin qiyməti ucuzlaşmağa doğru gedə bilər”. 

İqtisadçı hesab edir ki, istehsaldan tarixindən 15-20 ildən artıq zaman keçmiş avtomobillər utilizasiyaya cəlb edilərsə, o zaman ili köhnə avtomobillər maksimum ucuz qiymətə təklif edilə bilər:

“Ölkəmizdə hazırda istehsal tarixindən 10 ildən artıq vaxt keçən 100 minlərlə avtomobil var. Onların bazar qiyməti heç də ucuz deyil. Bunun səbəbi ictimai nəqliyyatın rentabelli olmamasındadır. Dəmir və hava yollarında, hətta quru yollarda belə öz həllini uzun illər gözləyən məsələlər var. O məsələlər həl olunmadığı üçün orta statistik azərbaycanlı əlindəki imkanla dərhal özünə avtomobil almağa məcbur qalır. 

Ancaq infrastruktur problemi aradan qaldırılarsa, vətəndaşlar ictimai nəqliyyata üstünlük verə bilərlər. Ancaq hazırda ili köhnə olan avtomobillərə maraq az deyil”. 

Həsən Məmmədov 
“Cebhe.info”