Azərbaycanlılar evlərini satır: Pulunu isə...

Azərbaycanlılar evlərini satır: Pulunu isə...

Bakıda mənzillər son 1 ildə 14 faiz bahalaşıb.

2024-cü ilin II rübündə isə mənzil bazarında qiymətlər 2023-ci ilin II rübünə nisbətən 9.2 % artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin II rübündə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.3 %, təkrar mənzil bazarında qiymətlər isə 9.2 % artıb.

Belə ki, 2024-cü ilin II rübündə mənzillər əvvəlki rüb ilə müqayisədə 2,2 %, o cümlədən ilkin mənzil bazarı üzrə 3.3 %, təkrar mənzil bazarı üzrə 2,2 % bahalaşıb. Onu da qeyd edək ki, Bakıda 1 otaqlı mənzillərin qiymətləri artıb.

Daşınmaz əmlak bazarında son 1 ildə bahalaşmaya hansı amillər səbəb olub?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebhe.info”-ya bildirib ki, ümumilikdə 2023-cü ilin oktyabr ayından daşınmaz əmlak bazarı, xüsusilə də Bakı və digər böyük şəhərlərdə çox ciddi durğunluq hökm sürür:

“Yalnız bu ilin fevral-mart aylarında ipoteka kreditləri verilməsi səbəbindən bazarda canlanma yarandı və daha sonra yenə də durğunluq yaşanır. Söhbət bazara müraciət edən müştərilərdən gedir. Bunun tam əksi olaraq bəzi tikinti şirkətləri var ki, daxili kreditlə uzunmüddətli, 20-25 illik mənzillər satırlar. Həmin tikinti şirkətlərinin satış qiymətlərində müəyyən qədər artım var. Çünki buraya kreditli şərtlərə görə, axın çoxdur. Ancaq nağd satışlarda demək olar ki, artım yoxdur. Artımlar yalnız tikilməkdə olan yeni binalaradır. Çünki onların gündən-günə maya dəyəri artır. Köhnə, təkrar mənzil bazarında isə istər köhnə, istər yeni tikili binaların satışında nisbi durğunluq hökm sürür”.

Ekspertin sözlərinə görə, DSK-nin məlumatı həqiqətə uyğundur, ancaq burada söhbət daha çox yeni tikili binalardakı kreditli şərtlərlə satılan mənzillərdən gedir:

“Onlar kreditlə satıldığına görə artım ola bilir. Ancaq nağd satışlarda elə böyük artım yoxdur. Məsələyə başqa bir tərəfdən baxaq. Əvvəlki illərdə alıcıların böyük hissəsi Rusiyadan gəlirdilər. Rusiya-Ukrayna müharibəsi səbəbindən artıq oradan daşınmaz əmlak almaq üçün gələn insanların da sayı azdır.

Hazırda Rusiyada rublun dəyərdən düşməsi və dolların qiymətinin kəskin baha olması oradakı azərbaycanlıların işləyib, qazanıb, pul toplayıb, gəlib burada ev almasına imkan vermir. Əksinə, hazırda buradakı evlərini satır, pulu dollara çevirib Rusiyaya aparırlar. Çünki orada həmin dolları xırdalayanda daha böyük kapital əldə edirlər”.

Nigar Abdullayeva
“Cebhe.info”