Banklar istənilən zaman bağlana bilər

Banklar istənilən zaman bağlana bilər

2024-cü ilin iyun ayında Azərbaycanda ən çox şikayət edilən bankların siyahısı açıqlanıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Ötən ay ən çox şikayət edilən bank 5,22 indeksi ilə "Bank Avrasiya" seçilib. “TuranBank” siyahıda ikinci (4.92 indeksi), “Bank BTB” isə üçüncü (4.14 indeksi) olub.

Maraqlıdır, ən çox şikayət edilən bankların aqibəti necə olacaq? Onların bağlanma riski varmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya açıqlamasında deyib ki, istənilən bank istənilən zaman bağlana bilər:

“Azərbaycanda aparılan araşdırma və manitorinqlər göstərib ki, ölkəmizdə bankların fəaliyyətində müəyyən nöqsanlar mövcüddur. Belə ki, audit təşkilatlarının və beynəlxalq maliyyə təşkilatlarının verdiyi məlumata görə, ölkəmizdə fəaliyyət göstərən bir çox banklarda risk kifayət qədər böyükdür. Xüsusən də bankların problemli kreditlərinin ildən-ilə artması onların mövcüdluğunu sual altına alır. Çünki banklarda problemli kreditlərin çox olması bankların pul dövriyyəsini aşağı salır. Nəticə də bankların fəaliyyəti sual altında olur”.

O qeyd edib ki, ölkəmizdə bəzi banklar istənilən zaman bağlana bilər:

“Ölkəmizdə yaxın bir neçə ildə bəzi banklar fəaliyyətində baş verən maliyyə böhranlarına görə bağlandı. Buna görə də ölkəmizdə vətəndaşların banklara inamı azalır. Bu səbəbdən reytinq cədvəlində adı olan bankların səviyyəsi aşağıdır. Əlbəttə, bilmək olmaz, reytinqlər yüksələ də bilər. Lakin ölkəmizdə bank sahəsində kifayət qədər çox nöqsan var”.

Həsən Məmmədov
“Cebhe.info”