COP29-da valyuta mübadiləsi üçün yeni məntəqələr açılacaq? - RƏSMİ
COP29-la əlaqədar olaraq ölkəmizə çox sayda turistin gələcəyi proqnozlaşdırılır.
Bu səbəbdən paytaxtda 24 saat çalışan valyuta mübadiləsi məntəqələri faliyyət göstərməlidir. Lakin ölkəmizdə valyuta mübadilə məntəqələri və banklar yalnız həftənin iş günləri açıq olur, qeyri-iş günlərində əsasən fəaliyyət göstərmirlər.
Məsələ ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib ki, valyuta mübadiləsi fəaliyyəti bankların filial və şöbələri, “Azərpoçt” MMC-nin müvafiq şöbələri və valyuta mübadiləsi məntəqələri tərəfindən aparılır:
“Bu təşkilatlar iş saatlarını qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən etməkdə sərbəstdirlər. Hazırda həftənin 7 günü və 24 saat fasiləsiz xidmət göstərən valyuta mübadiləsi mənqələri var.
Bayram günləri və ölkə səviyyəli tədbirlər zamanı olduğu kimi, COP29 ərəfəsində də bankların filial və şöbələri, “Azərpoçt” MMC -nin şöbələri və valyuta mübadilə məntəqələrinin iş rejiminə dair ətraflı məlumat Azərbaycan Respublikası Mərkəzi Bankının (Mərkəzi Bank) rəsmi internet saytında açıqlanacaq”.
O da bildirilib ki, mövcud xidmət nöqtələri vasitəsilə əhali və ölkəyə gələcək qonaqlar valyuta mübadiləsi xidmətləri ilə təmin ediləcək.
Həsən Məmmədov
“Cebheinfo.az”