Fırıldaqçılığın yeni növü: “BOKT-lar bağlanmalıdır”

Azərbaycanda faizlə kredit verən bank, lombard və bank olmayan kredit təşkilatları (BOKT) fəaliyyət göstərir.
Onların öz daxili qaydalarına uyğun kredit mexanizmləri var.
Bildirək ki, ən yüksək kredit faizləri lombardlarda və bank olmayan kredit təşkilatlarında olur. Məsələn, həmin təşkilatlardan biri olan KredAqro” BOKT-ın faiz gəlirləri 2023-cü ildə 2022-ci illə müqayisədə 357 min manat və ya 32,2 % artaraq 1 milyon 466 min manat təşkil edib. Yüksək kredit faizlərinə görə bank olmayan kredit təşkilatları ilə bağlı narazılıqlar artır.
Məsələ ilə bağlı sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, ölkədə bankların iqtisadiyyata təklif etdiyi kreditlərin faizləri yüksəkdir:
“Hazırda aqrar istehsal sahəsində fəaliyyət göstərən, eləcə də kiçik və orta biznesə aid olan müəssisələrin kreditlərə böyük ehtiyacı olduğu halda, bu kreditlər praktiki olaraq əlçatan deyil. Bu gün ölkənin bank sektorunda verilən kreditlərin 50 %-dən çoxunu yüksək faizli istehlak kreditləri təşkil edir. Yəni, banklarımız əsasən vətəndaşlara yüksək faizlərlə qısamüddətli istehlak kreditləri verir ki, bu kreditlərin də iqtisadiyyatla, biznesin ayrı-ayrı sektorları ilə bilvasitə bağlılığı yoxdur".
Fikrət Yusifov qeyd edib ki, ölkə üzrə verilən ümumi kredit portfelində müəyyən pay bank olmayan kredit təşkilatlarına məxsusdur:
"Bu təşkilatlar bütövlükdə bank sektorunda qeyri-sağlam fəaliyyətlə məşğul olurlar. Onlar müştərilərinə banklardan qat-qat yüksək faizlərlə kreditlər təklif verirlər və əsasən iqtisadi, maliyyə biliyi az olan iş adamlarını, sahibkarları, adi vətəndaşları aldadıb öz “tor”larına salırlar və sonradan illər uzunu onları sadəcə soyurlar.
Bununla bağlı kifayyət qədər faktlar var. Belə ki, bank olmayan kredit təşkilatları verdikləri 1 manat kreditin əvəzinə 8-10 manat almayınca sakitləşmirlər, sahibkarların və ya vətəndaşların girov qoyduqları əmlakı əllərindən alırlar.
Hesab edirəm ki, bank olmayan kredit təşkilatlarının fəaliyyəti ölkənin bank sektoruna böyük bir ləkədir. Buna görə də onların fəaliyyətinə xitam verilməsi ən doğru qərar olardı".
Ləman İsmayıl
"Cebhe.info"