İşıq bahalaşır?

İşıq bahalaşır?

"Azərişıq" ASC 2023-cü ili 14,728 milyon manat xalis mənfəətlə başa vurub.

Bu il 2022-ci illə müqayisədə 3,8 dəfə azdır. Ötən il səhmdar cəmiyyətinin elektrik enerjisinin satışından gəlirləri 1 milyard 619,371 milyon manat (əvvəlki ilə nisbətən 5,1 % çox), satışının maya dəyəri 1 milyard 379,874 milyon manat (4,6 % çox), paylama xərcləri 58,586 milyon manat (7,4 % çox), inzibati xərcləri 107,159 milyon manat (16,6 % çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 13,508 milyon manat (əvvəlki il gəlir olub), sair gəlirləri 67 min manat (19,65 % çox), sair xərcləri 3,15 milyon manat (51,3 % az), xalis maliyyə xərcləri 25,589 milyon manat (2,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 16,844 milyon manat (2,2 dəfə çox) təşkil edib. Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 3 milyard 237,913 milyon manat olub ki, bu da illik müqayisədə 11,05 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 10,3 % artaraq 768,033 milyon manata, balans kapitalı isə 11,3 % artaraq 2 milyard 469,88 milyon manata çatıb. Xatırladaq ki, "Azərişıq" ölkə Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəcamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 678,705 milyon manatdır. 

“Azərişıq"  ziyanla işləyisə, bu, elektirik enerjisinin qiymətlərinə təsir edəcək? 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, dövlət şirkətlərinin ziyanla işləməsi və yaxud da mənfəətlərin azalması artıq yenilik deyil:

“Təəssüf ki, bu, idarəetmədən qaynaqlanan problemlərə görə hər zaman belə olub. Yəni ona görə də mənfəətlərinin, gəlirlərinin azalması qiymətlərin artırılması ilə nəticələnməməlidir. Çünki bu, ənənəvi olaraq belədir. Əsasən də əhaliyə xidmət göstərən dövlət şirkətləri mənfəət əldə etməyi deyil, daha çox insanların güzəranını düşünməlidilər. Onlar özəl sektor deyil ki, ancaq mənfəətlərinini artırsınlar”. 

Ekspert qeyd edib ki, dövlət şirkətləri dövlətdən maliyyələşir: 

“Dövlət qurumlarının hər biri dövlət büdcəsindən yardım alır. Dövlət büdcəsini isə formalaşdıran əhalidir. Yəni bizim ödədiyimiz vergilərə görə maliyyələşirlər. Ona görə də məntiqlə bu, işığın qiymətinin artmasına səbəb olmamalıdır. Ən əsası isə ümid edək ki, bu baş verməyəcək. Çünki elektrik enerjisi, təbii qaz, benzin və bu tipli dövlət tərəfindən tənzimlənən məsələlərdə qiymət artımı ciddi şəkildə inflyasiya basqısı yaradır. Yəni qiymətlərin başqa sahələrdə də kəskin artması ilə nəticələnir”. 

Həsən Məmmədov 
“Cebhe.info”