Marketlərdə ucuzlaşma: Qiymətlər “dondurula” bilər?

Marketlərdə ucuzlaşma: Qiymətlər “dondurula” bilər?

Bizneslər subyektlərində yoxlamaların dayandırılması müddəti yanvarın 1-də başa çatıb, müddət uzadılmayıb.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılmışdı. 2015-ci il noyabrın 1-dən qüvvəyə minmiş bu qanunda dayandırılma müddəti 3 dəfə uzadılmışdı. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin uzadılıb-uzadılmayacağı məlum deyil.

Azərbaycanda yoxlamaların dayandırılması sahibkarların rahat nəfəs almasına və onların öz bizneslərini genişləndirmələrinə xeyli kömək etmişdi. Yoxlamaların dayandırıldığı müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilərdi. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılırdı. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmirdi. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilərdi.

Qeyd edək ki, bugünlərdə Türkiyədə ərzaq məhsullarının qiymətlərinin ucuzlaşması istiqamətində “qiymət dondurulması” layihəsi həyata keçirilir. İstanbul Ticarət Palatasının (İTO) sədri Şekib Avdagiç bildirib ki, inflyasiya ilə mübarizə çərçivəsində bazarların başlatdığı məsuliyyətli və fədakar münasibət bütün sektorlara nümunədir. O, dekabr ayında istehlak qiymətlərində azalma olduğunu, inflyasiya ilə mübarizə üçün zəncir marketlərin qiymət dondurma reaksiyasının bütün seqmentlərdə yüksək inflyasiya gözləntilərini qıracağına və artan qiymət rəqəmlərinin aradan qaldıracağına ümid etdiklərini deyib. Ölkəmizdə qiymət artımı davam etməkdədir və qiymət artımının qarşısının alınması istiqamətində marketlər şəbəkələri tərəfindən heç bir layihə həyata keçirilmir.

Market zincirlərində reyd ucuzlaşma yaradarmı və qonşu ölkədəki “qiymət dondurma” təcrübəsinin tətbiqi mümkündürmü?

İqtisadçı-ekspert Razi Abbasbəyli Cebhe.info-ya bildirib ki, ölkəmizdə belə bir layihənin tətbiqi mümkün deyil:

“Çünki Türkiyədə qiymətlərin kilidlənməsi sistemi tətbiq edilməyə başlanılıb və burada idxal olunan məhsullar deyil, daxildə istehsal edilən, xüsusilə də kənd təəsrrüfatı, süd və süd məhsulları, ət və digər bu qəbildən olan qida məhsullarına klidləmə tətbiq edilib. Qiymətləri o şəkildə “dondururlar” ki, ölkə daxilində istehsal olunur. Bu baxımdan da orada qiymətləri tənzimləmək mümkündür. Çünki hökumət yerlərdən aldığı sifarişləri anbarlarda stoklayır və iri marketlər şəbəkəsinə bu məhsulları təqdim edir. Nəticə etibarilə qiymətləri sabit və arzuolunan səviyyədə qısa müddətdə də olsa saxlamaq mümkün olur.

Azərbaycanda isə hər şey demək olar ki, idxaldan asılıdır. Xüsusilə də kənd təsərrüfatı, süd və süd məhsulları, quş, mal əti, meyvə, kartof, soğanı belə xaricdən idxal edirik. Əgər biz bir məhsulu xaricdən idxal ediriksə, xarici bazarlarda baş verən qiymət dəyişikliyi Azərbaycanın daxili bazarına da öz təsirini göstərir. Nəticə etibarilə idxalla bağlı inflyasiya daxili bazarda pərakəndə satış nöqtələrində özünü ifadə etməlidir və bunun qarşısını almaq mümkün deyil”.

Ekspert bildirib ki, Azərbaycanda yerli istehsalın çox aşağı səviyyədə olması və birbaşa xarici idxaldan asılı bazarında qiymətlərin inzibati, yaxud hansısa kampaniya təklif etməklə həyata keçirmək mümkün deyil:

“O halda mümkün olar ki, idxal rüsumları gömrük rüsumlarında, hansısa iri idxalçılara müəyyən vergi güzəştləri tətbiq etməklə bu şərti irəli sürmək olar. Yaxud hökumət iri idxalçılara, istehsalçılara elektrik, qaz və bu kimi kommunal, əsas infrastruktur xərclərinə bir sıra dotasiyalar, tariflərə güzəştlər təklif edə bilər və bunun da qarşılığında da nəsə tələb etmək olar.

Azərbaycan hökuməti isə bunların heç birini etmək fikrində deyil. Çünki illərlə bu təkliflər irəli sürülür, səsləndirilir, bunların heç biri həyata keçmir. Bu baxımdan Azərbaycan idxaldan asılı olduğuna görə daxili bazarda qiymətləri, daxili bazarı məhsulla təmin edən idxalçılar diqtə etmirlər. Bundan daha çox xarici bazarlardakı qiymət dəyişiklikləri, logistik daşıma xərcləri və Azərbaycanda tətbiq edilən gömrük, idxal rüsumları bu qiymətlərə öz tərini göstərir. Bu faktorlara görə də məhz bu sahədə Azərbaycanı Türkiyə ilə müqayisə etməyi düzgün hesab etmirəm”.

Nigar Abdullayeva
Cebhe.info