Mərkəzi Bank inflyasiyaya dair proqnozunu AZALTDI

Mərkəzi Bank inflyasiyaya dair proqnozunu AZALTDI

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır: “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2 %) qalacağı gözlənilir. Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib", - deyə AMB bəyan edib.

“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Bu ilin martında 12 aylıq inflyasiya 0,4 %, 12 aylıq baza inflyasiya isə 1 % təşkil edib. İllik ərzaq deflyasiyası 1,1 %, qeyri-ərzaq inflyasiyası 1,1 %, xidmətlər inflyasiyası isə 2,2 % olub", - deyə açıqlamada qeyd olunub.

AMB hesab edir ki, aşağı inflyasiya mühiti inflyasiya gözləntilərinin azalmasını dəstəkləyir: "Aparılan sorğuların nəticələrinə görə I rübdə inflyasiyanın yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı bundan öncəki rüblə müqayisədə 1 faiz bəndi azalıb.

İnflyasiyanın xarici fonu əlverişli olaraq qalır. Qlobal inflyasiya dünya əmtəə qiymətlərinin aşağı düşməsi nəticəsində yavaşlayıb. Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi 2024-cü ilin martında əvvəlki ayla müqayisədə artsa da illik əsasda 0,3 %, o cümlədən qeyri-enerji qiymətləri üzrə 2,4 % enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi martda illik əsasda 7.7 % azalıb. Manatın nominal effektiv məzənnəsinin (2023-cü ildə 19,3 % və 2024-cü ilin I rübündə 2,7 %) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib".

"Cebhe.info"