Meyvələr bu il niyə tez xarab olur?

Meyvələr bu il niyə tez xarab olur?

Meyvələri müxtəlif şəraitdə xeyli müddət saxlamaq mümkündür.

Lakin bəzən meyvələrin çürüməsinin qarşısını almaq olmur. Bəzən də meyvələr hələ toplanılmadan ağacda xarab olur. Buna nümunə olaraq ənciri gətirmək olar. Avqust ayında əncir yetişir. İsti hava şəraiti bu meyvənin xarab olmasını sürətləndirir. 

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, əncirin tez xarab olmasına səbəb-qeyri stabil hava şəraitinin olmasıdır: 

“Bu il ölkəmizdə qeyri-stabil hava şəraiti hökm sürdüyündən, bir çox meyvə ağacları zərər gördü. Bu səbəbdən əncir yetişdiyi zaman tez xarab olur. Çünki ağaca dəyən yağış, qar və külək onun kökünə mənfi təsir göstərib. Bu səbəbdən daxili bazarda kifayət qədər çox əncir satışa çıxarıla bilməyib”. 

Ekspert qeyd edib ki, qeyri-stabil hava şəraiti üzümə də təsir edib: 

“Yaxın zamanlarda kütləvi üzüm yığımı başlayacaq. Lakin üzüm düzgün olmayan qablarda daşınacaq. O səbəbdən xeyli üzüm istifadəyə yararsız olacaq. Havanın təsiri də bu prosesi sürətləndirəcək. Bu cür proseslərin nəticəsi olaraq, meyvələr tez çürüyür. Hətta bazara gələnə kimi məhsulun 30-40 faizi müəyyən səbəblərdən itkiyə gedir. Eyni zamanda, qida satışı ilə məşğul olan insanların meyvə-tərəvəzdən anlayışı olmaması da var. 

Sovet dövründə meyvə-tərəvəz dükanlarında işləyən satıcıların məhsulların emalı və saxlanması üzrə təhsilli olması vacib idi. Lakin indi peşakar kadrların sayı da xeyli azdır”.

Ekspert əlavə edib ki, meyvələrin xarab olmasının qarşısını almaq üçün dərmanlamadan istifadə edilə bilər:

 “Meyvələrin demək olar ki, çoxunun tərkibində su var. İsti hava şəraiti onun yetişməsinə mənfi təsir göstərir. O səbəbdən ağaclara bar vermədən öncə baxılmasına ehtiyac yaranır. Yaxşı olar ki, düzgün dərmanlama olsun və ağacların həşaratlara yem olmasının qarşısını ala bilək”. 

Həsən Məmmədov 
“Cebheinfo.az”