Nəticə ona görə yoxdur ki: “Azərbaycanda torpaqların cəmi 1 faizi…”

Nəticə ona görə yoxdur ki: “Azərbaycanda torpaqların cəmi 1 faizi…”

Son 5 ildə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.

Bunu kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərov Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib. 

"Bununla yanaşı, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı, elecə də bu konteksdə pivot suvarma sistemlərinin qurulması ilə bağlı əhəmiyyətli güzəştlər nəzərdə tutulub və hazırda bu proqram uğurla davam etdirilir", - deyə o qeyd edib. 

"Hazırda müasir suvarma sistemlərinin tətbiqinin stimullaşdırılması məqsədilə fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 %-i qədər güzəşt tətbiq edilir", - deyə nazir müavini əlavə edib. 

Müasir suvarma sistemlərinin tətbiqi kənd təsərrüfatına necə təsir edir? 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ölkədə hazırda 500-600 min hektara yaxın əkin ərazisi suvarılır.

Həmin əraziləri suvarmaq ölkəmiz üçün bir qədər çətindir. Çünki ölkəmizdə son dövrlər su ehtiyatı kəskin şəkildə azalıb. Lakin müasir suvarma sistemləri daha az su istifadə edərək əraziləri suvarmağa imkan verir. O baxımdan, müasir suvarma sistemindən geniş şəkildə istifadə edilməlidir”. 

Ekspert vurğulayıb ki, müasir suvarma sistemindən çox az istifadə edilir:

“Təəssüf ki, ölkəmizdə əkin ərazilərinin yalnız 40 min hektara qədəri müasir suvarma sistemi ilə suvarılır. Bu, əkin üçün istifadə olunan torpaqların heç 1 faizini təşkil etmir. Amma bu göstəriciləri artırmaq lazımdır. Çünki ölkəmizdə müəyyən qədər su qıtlığı var. 

Əsasən də Aran zonalarında suvarma çətindir. O baxımdan düşünürəm ki, müasir suvarma sistemi təkmilləşdirilməlidir”. 

Ekspert qeyd edib ki, müasir suvarma sistemi kənd təsərrüfatına olduqca müsbət təsir edə bilər:

“Bu suvarma sistemi tətbiq edilən ərazilərdə torpağın şoranlaşmasının qarşısı alınır, məhsuldarlıq artır. Ənənəvi suvarma sistemindən fərqlı olaraq müasir suvarma sistemi ekosistemə də müsbət təsir göstərir”. 

Həsən Məmmədov 
“Cebhe.info”