Orta aylıq əməkhaqqı necə hesablanmalıdır?

Orta aylıq əməkhaqqı necə hesablanmalıdır?

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 258,9 manat təşkil edib.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. 

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,2 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8 % artaraq 997,1 manat təşkil edib.

Məsələ ilə bağlı "Cebheinfo.az"-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda orta aylıq nominal əməkhaqqı vergilər nəzərə alınmadan hesablanır:

"Eyni zamanda, sahələr üzrə hesablanır. Yəni, hər hansı bir sahədə nə qədər şəxsin çalışdığı kənara qoyulur. Bu da bir az doğru yanaşma deyil. Çünki neft, bank və təhsil sahəsi bir götürülür, həmin sahələr üzrə orta əməkhaqqı hesablanır və cəmlənərək sahələrin sayına bölünür. Lakin yanaşma səhvdir. 

Çünki ölkə üzrə bank sektorunda 10 mindən çox şəxs çalışır. Təhsil sektorunda isə 270 minə yaxın insan çalışır. Səhv yanaşma olsa da, metodoloji olaraq illərdir belə hesablanır. Nəticədə, xüsusilə Bakı nominal aylıq əməkhaqqında artımlar müşahidə edilir".

Ləman İsmayıl
"Cebheinfo.az"