Qarabağdan dünyaya avtomobil satıla bilər?

Çinin beynəlxalq şirkəti – “BYD Company Limited” (BYD) Türkiyədə elektrikli avtomobil zavodu inşa edəcək.
İyulun 8-də İstanbulda Çinin avtomobil nəhəngi – BYD ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında investisiya əməkdaşlığı sazişi imzalanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Dolmabahçe İş Ofisində sözügedən saziş sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və BYD sədri Vanq Çuanfu tərəfindən imzalanıb.
Çinin BYD şirkəti 2026-ci ilin sonuna qədər illik 150 000 ədəd gücündə olacaq zavodun tikintisi üçün Türkiyəyə təxminən 1 milyard dollar sərmayə qoyacaq. İnvestisiya razılaşması çərçivəsində BYD Türkiyədə elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi, araşdırma və inkişaf mərkəzi inşa edəcək. BYD-nin yaydığı açıqlamasında qeyd olunur ki, Türkiyənin inkişaf edən texnologiya ekosistemi, güclü təchizatçı bazası, yerləşdiyi coğrafi mövqe və ixtisaslı işçi qüvvəsi kimi unikal üstünlükləri sayəsində BYD-nin bu yeni istehsal müəssisəsinə sərmayə qoyması markanın istehsal imkanlarını və logistika səmərəliliyini daha da artıracaq.
Maraqlıdır, Azərbaycan da Türkiyə kimi hər hansı inkişaf etmiş sənaye ölkəsinin nəhəng şirkəti ilə belə bir müqavilə imzalaya bilər?
Ümumiyyətlə, istər ekosistem, istərsə logistik, istərsə də ixtisaslı işçi qüvvəsi baxımından Qarabağda bir və ya iki milyard dəyərində elektrik və akkumulyatorlu hibrid avtomobil istehsal edən müəssisənin əsasının qoyulması üçün imkanlar var? Belə iri müəssisələr ölkə iqtisadiyyatının şaxələnməsinə və məşğulluğun təminatına necə göstərər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Qarabağın sənaye zonasına çevrilməsi ölkə iqtisadiyyatına çox ciddi fayda verəcək:
“İlk növbədə qeyd edim ki, Çinin BYD şirkəti ilə Azərbaycan hökuməti arasında Sumqayıtda avtobusların yığılması və müəyyən ehtiyat hissələrinin istehsalını nəzərdə tutan müəssisənin əsasının qoyulması üçün saziş imzalanıb. Bu, nəinki Sumqayıtda, həmçinin ölkəmizin digər ərazilərində avtobus parklarının yenilənməsinə və yeni elektrikli avtobusların dövriyyəyə keçməsi üçün münasib imkanlar yaradacaq. Qarabağda nəhəng avtomobil müəssisənin inşasının mümkünlüyünə gəlincə, hesab edirəm ki, bunun üçün imkanlar var.
Əgər bu istiqamətdə addımlar atılarsa, hökumət daha geniş imkanlar yaradacaq. Qarabağda avtomobil, eləcə də digər sənaye təmayüllü müəssisələrinin əsasının qoyulması mümkündür. Əlbəttə ki, bütün bunların hamısı iqtisadi cəhətdən əsaslandırılmalıdır. Qarabağda və ya ölkənin hər hansı ərazisində nəhəng avtomobil zavodunun inşa edilməsi və fəaliyyət göstərməsinin əhəmiyyəti təkcə daxili yox, həmçinin xarici bazar üçün də dəyərləndirilməlidir. Əgər biz gələcəkdə hər hansı xarici şirkət ilə birlikdə avtomobil istehsal edəcəyiksə, bunun üçün regionda mütləq bazar axtarmalıyıq. Yəni imkanları nəzərdən keçirib nəticəyə gəlməliyik ki, biz istehsal edəcəyimiz avtomobilləri Gürcüstana, İrana, yoxsa Asiyanın hər hansı ölkəsinə ixrac edəcəyik”.
Ekspert deyir ki, Qarabağda iri sənaye müəssisinin inşa edilməsi iqtisadi baxımdan məqsədəuyğun olar:
“Bu, həm Qarabağ İqtisadi Zonasının inkişafına, həm də bölgədə yeni iş yerlərinin çoxalmasına müsbət təsir göstərəcək”.
Ekspert hesab edir ki, Azərbaycan bu sahədə Çin, Koreya və Yaponiya şirkətləri ilə müqavilə bağlaması daha münasib olar:
“İlkin olaraq, bunun üçün tenderlər elan edilməli, ondan sonra hər hansı xarici şirkət münasib qiymət təklif edərsə, onunla müqavilə bağlamaq olar. Qeyd edim ki, bu gün qlobal avtomobil bazarında Çin, Koreya və Yaponiya avtomobillərinə daha çox diqqət göstərilir, daha çox paya sahibdir və daha güclü keyfiyyətə malikdirlər. Bu baxımdan, Çin, Koreya və Yaponiyanın istənilən avtomobil şirkəti ilə müqavilə imzalamaq bizim maraqlarımız üçün daha məqbul olar”.
Ekspert əlavə edib ki, Almaniya və Britaniya Azərbaycanda avtomobil istehsalında maraqlı olmayacaq:
“Birincisi, hər iki ölkənin yerli avtomobil hissələrinin ölkəmizə gətirilməsi baha başa gəlir. Eyni zamanda, hər iki ölkə Çində öz avtomobillərini istehsal etmək üçün müəssisələr açıb. Bununla yanaşı, əgər onlar Azərbaycanda avtomobil istehsal edəcəklərsə, mütləq bazara çıxış imkanları əldə etməlidirlər. Buna görə də bu, o qədər də real görünmür”.
Sonda E. Kərimli bildirib ki, Qarabağda və ya ölkənin hər hansı ərazisində nəqliyyat vasitələri istehsal edən iri müəssisələrin əsasının qoyulması ölkə iqtisadiyyatının şaxələnməsinə və məşğulluğun təminatına müsbət təsir göstərəcək:
“Təbii ki, ölkədə sənaye müəssisələrinin sayının çoxalması işsizlik probleminin həllinə, yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bu, habelə ölkəmizin iqtisadiyyatının şaxələnməsində mühüm rol oynayacaq”.
Yunis Abdullayev
"Cebhe.info"