Qızıl niyə "qızıla dönüb"?
Son günlər bazarda qızılın qiyməti gündən-günə artmaqdadır.
Bunun səbəbini isə müxtəlif amillərlə izah edirlər. Hətta daxili bazarda bu bahalaşmanı payız mövsümündə toy mərasimləri ilə bağlı qızıla tələbatın artması ilə də əlaqələndirirlər. Neftin qiymətində isə ucuzlaşma müşahidə edilmir.
Belə olduğun təqdirdə qızıl niyə davamlı şəkildə bahalaşır?
Məsələ ilə bağlı REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, dünyada qızılın qiymətinin bahalaşmasına çox sayda faktorlar təsir edir:
“Fərqli faktorlarla bağlı qızılın qiyməti bahalaşdıqca, Azərbaycan da idxalçı ölkə olduğu, həm də daxili bazarda dünya bazar qiymətlərini nəzərə aldığı üçün ölkəmizdə də bahalaşır.
Səbəblər həm geosiyasi gərginliyin azalmaması, müharibələrin davam etməsi, Yaxın Şərqdə olan gərginlik, Rusiya-Ukrayna müharibəsi kimi təlatümlü zamanlarda investorlar qızıla güvənli “liman” kimi baxırlar.
Yəni öz vəsaitlərini daha çox qızılda saxlamağa üstünlük verirlər ki, təlatümlərdə itkisiz çıxsınlar. Bu da qızılı bahalaşdırır. Digər bir səbəb də odur ki, ABŞ-də seçkilərin keçirilməsinə az bir zaman qalıb, bir neçə gündən sonra seçkilər olacaq.
Seçkidə Trampın qalib gəlmə şansları yüksək qiymətləndirilir. Tramp isə birinci prezidentlik dövründə də ucuz dollar siyasəti yürüdürdü və dolların məzənnəsinin digər valyutalara nisbətən ucuzlaşmasını istəyirdi ki, ABŞ iqtisadiyyatı daha rəqabətli olsun.
İstehsal və ixrac daha sərfəli olsun. Ona görə də dollar ucuzlaşdıqca dünyada son 40-50 il ərzində qızıl bahalaşır. Bir çox səbəblər qızılın qiymətinin artmasına səbəb olur. Üçüncü səbəb isə texniki səbəb kimi göstərmək olar.
Bütün dünyanın aparıcı mərkəzi bankalrı, o cümlədən daha çox Rusiya və Çin kütləvi şəkildə, külçələr şəklində, fiziki qızıl (təbiətdə saf şəkildə rast gəlinən əlvan metal) alırlar. Fiziki qızılın alımının bu qədər artması qızıla tələbatı da yüksəldib və iqtisadiyyatın “qızıl qaydası” var. Tələb artdıqca qiymət də yüksəlir”.
Ekspertin sözlərinə görə, əslində neftin qiymətində dəyişikliklər də olur:
“Yəni, neftin qiyməti 80 dollara da qalxdı və indi 73 dollar civarındadır. Neftin hekayəsi başqadır. Çünki neftin qiymətinin bahalaşmasına əsas səbəb İran-İsrail qarşıdurmasının kəskinləşdiyi dövrdə neftin qiymətləri kəskin artdı.
Ancaq orada indi sabitləşmə baş verib və hər iki tərəfdən qarşılıqlı hücumlar olmayacağı ilə bağlı bəyanatlar verilir. Bu da neftə olan gərginliyi azaltdı. Bundan başqa, neftdə hasilat yüksək səviyyədədir.
Çünki ABŞ dünyada neft hasilatına görə liderə çevrildi. Gündəlik 13.4 milyon barel gündəlik neft hasilatı var. Neftin hasilatının artması, geosiyasi gərginliyin isə azalması neft qiymətlərinin sabitləşməsinə, hətta bir qədər ucuzlaşmasına səbəb oldu.
Qızılla bağlı vəziyyət bir qədər fərqlidir. Böyük ölkələr, mərkəzi banklar da qızıla daha çox maraq göstərir, yatırım edir, ona görə də qızıla olan tələbat qiyməti də yüksəldir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”