Ucuz dollar dövrü başlayır?

ABŞ-də noyabr ayında keçiləcək prezident seçkiləri öncəsi sürpriz gəlişmə yaşanıb.
Belə ki, Co Bayden namizədliyini geri götürüb. O, öz yerinə Kamala Harrisin namizədliyini dəstəkləyib.
Harris də prezidentliyə namizədliyini irəli sürüb. Lakin mövcud vəziyyətdə Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçilmək şansları daha da artıb.
Onsuz da son zamanlarda Bayden qarşısında anketlərdə öndə olan Tramp uğursuz sui-qəsd cəhdindən sonra fərqi daha da artırmışdı. Üstəlik, ekspertlər onun Kamala Harris qarşısında daha rahat qələbə qazanacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, Donald Trampın seçim vədlərindən biri ucuz dollar siyasəti həyata keçmirməkdir. O, 2016-2020-ci illərdə hakimiyyətdə olduğu dönəmdə də bunu tətbiq etmişdi.
Maraqlıdır, Tramp qalib gələrsə, həyata keçirəcəyi ucuz dollar siyasəti nə ilə nəticələnəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Tramp prezident seçilsə, ucuz dollar siyasəti həyata keçirəcək:
“Amma dolların məzənnəsinin kəskin şəkildə aşağı düşməsi mümkün deyil.
Çünki bu, bir çox başqa faktorlarla da bağlıdır. Bu, həm Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi, həm də bazardakı ümumi vəziyyətdən asılı olacaq.
Əslində, Donald Tramp birinci hakimiyyət dövründə də bu siyasəti həyata keçirməyə çalışırdı. Hətta FED-dən də “ucuz pul” siyasəti həyata keçirməyi tələb edirdi, müəyyən dərəcədə də buna nail olmuşdu. Lakin dolların məzənnəsi aşağı səviyyələrə qədər düşmədi”.
Ekspert qeyd edib ki, yaxın dövrdə dolların məzənnəsində ciddi dəyişiklərin olması mümkün deyil:
“Trampın yenə də ucuz dollar siyasəti aparacağı gözləniləndir. FED də öz qərarlarını bu siyasətə uyğun tənzimləməyə çalışacaq.
Lakin dolların məzənnəsində çox kəskin şəkildə ciddi dəyişiklər olacağını, hətta bunu seçkilərdən dərhal sonra növbəti 1 ildə gözləmək mümkün deyil. Yəni dolların məzənnəsində bazarları silkələyəcək dəyişikliklər olmayacaq”.
Elmir Mustafa
“Cebheinfo.az”