Vasif Talıbov qiymətləri də özü ilə aparıb

Vasif Talıbov qiymətləri də özü ilə aparıb

2024-cü ildə Azərbaycanda sıfır faizə yaxın inflyasiya müşahidə edilsə də, Naxçıvan Muxtar Respublikasında 4 faizdən çox bahalaşma qeydə alınıb.

Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində ölkəmizdə 0,6 faiz bahalaşma baş verib. Amma Naxçıvanda bahalaşma sürəti 4,6 faiz təşkil edib. Başqa sözlə, Naxçıvanda bahalaşma ölkə üzrə qeydə alınan bahalaşmadan 7,7 dəfə güclü olub. Azərbaycanın digər regionlarının heç birində belə yüksək bahalaşma qeydə alınmayıb. Naxçıvan Muxtar Respublikasında inflyasiyanın digər regionlara nisbətən yüksək olması maraqlı faktdır. Çünki son bir-iki ilə qədər ölkəmizdə ən aşağı inflyasiya Naxçıvanda olurdu. Azərbaycanda 5-6 faiz inflyasiya qeydə alınanda, Naxçıvanda 0-1 faiz səviyyəsində bahalaşma baş verirdi. Lakin indi vəziyyət əksinə dəyişib və Naxçıvanda qiymət artımı sürətlənib. 

Maraqlıdır, görəsən, bunun səbəbləri nə ilə bağlıdır? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya şərhində Naxçıvanda inflyasiyanın aşağı olmasının səbəblərini bu amillərlə izah edib: 

“2023-ci ilin sonlarına qədər Naxçıvanda deflyasiya müşahidə olunurdu. Lakin bu ilin birinci rübündən etibarən Naxçıvanda inflyasiyanın səviyyəsi güclənib və bahalaşma tendesiyası müşahidə olunur. Nəzərə almaq lazımdır ki, Naxçıvanda rəhbərliyin dəyişməsindən sonra faktiki olaraq bir şəxsin əlində cəmləşən böyük iqtisadi imperiyanın imkanları məhdudlaşmağa başladı. Naxçıvanın keçmiş rəhbərliyi (Vasif Talıbov nəzərdə tutulur-red.) demək olar ki, bölgənin gömrük sistemi, daxili istehsal, ərzaq bazarı və digər iqtisadi sektorlara nəzarət edirdi. Yəni Naxçıvanda çox güclü inhisarçılıq mövcud idi. Bölgədə yalnız bu yolla bahalaşmanın qarşısını alırdılar. Keçmiş rəhbərliyin dövründə Naxçıvanda inhisarçılıq, vahid qiymət sistemi, investisiya mühitinin zəif olması və bürokratik əməllər inflyasiyanın səviyyəsini yuxarı qalmağa imkan vermirdi. Belə olan halda inflyasiyanın göstəriciləri həm aşağı olurdu, həm də statistik məlumatlar saxtalaşdırılırdı”. 

Ekspertin sözlərinə görə, son bir neçə ildə Naxçıvanda müsbət tendensiya müşahidə olunur:

“Həm Bakıdan, həm də xarici ölkələrdən olan bir neçə investorun Naxçıvana maraq göstərdiyinə şahidi oluruq. Sözsüz ki, bu, bölgənin iqtisadi bazarında canlanmaya səbəb olub. Ümumiyyətlə, bütün hallarda istənilən iqtisadi mühitdə investisiyaların hərəkətliyi inflyasiya risklərini artırır. Naxçıvanda rəhbərliyin dəyişməsindən sonra bölgədə investisiya qoyuluşlarında şaxələnmə prosesi baş verir və ixrac-idxal əməliyyatlarında aktorların sayı artıb. Əlbəttə ki, bu da bölgənin bazarı uğrunda rəqabətə gətirib çıxarır. Düzdür, Naxçıvanın bazarında hələ sağlam rəqabət və investisiya mühiti tam formalaşmayıb, bu barədə danışmaq tezdir. Amma Naxçıvanda bu mənzərə yeni rəhbərliyin fəaliyyətə başlamasından sonra ortaya çıxıb”. 

R.Abbasbəyli vurğulayıb ki, Naxçıvanda inflyasiyanın yuxarı qalxması və ya aşağı düşməsi bölgədə yaradılacaq biznes mühitindən asılıdır:

“Nə əvvəlki, nə də indiki statistika şəffaf və sağlam rəqabətin ortaya çıxardığı rəqəmlər deyil. Hazırda Naxçıvanda yeni formalaşan biznes mühitində rəqabət gedir. Həmin mübarizədə kimlər qazanacaqsa, yəni kimlər inhisarçı olmağı bacaracaqlarsa, onda bazar ətalət sisteminə keçəcək və inflyasiyanın səviyyəsi aşağı olacaq. Yox, əgər bölgədə sağlam iqtisadi rəqabət mühiti yaranacaqsa və bu istiqamətdə proses intensivləşəcəksə, o cümlədən investisiya qoyuluşlarında şəffaflıq təmin ediləcəksə, o zaman inflyasiya riksləri yuxarı olacaq. Ancaq bununla yanaşı, iqtisadi artım da müşahidə olunacaq”. 

Yunis Abdullayev 
“Cebhe.info”