Vasif Talıbovun “nağdlaşdırdığı” Naxçıvan: “Qara zolaq”dan çıxır

Vasif Talıbovun “nağdlaşdırdığı” Naxçıvan: “Qara zolaq”dan çıxır

Son vaxtlar ölkənin idarəetmə sistemində aparılan islahatlar Naxçıvan Muxtar Respublikasından da yan keçmir.

Belə ki, Naxçıvanda hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyatlar korrupsiya faktı ilə yanaşı, idarəetmədə də ciddi problemlər olduğunu ortaya qoydu. Bütün bunların nəticəsində isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov istefa verdi. Aparılan araşdırmalar məhz Vasif Talıbovun vəzifədə olduğu dövrdə Naxçıvanda bir çox istiqamətlər üzrə nöqsanların olduğunu, vəsaitlərin düzgün istifadə edilmədiyini ortaya çıxardı. Eləcə də məlum oldu ki, ötən dövr ərzində Naxçıvanda insanların rifah halının yaxşılaşdırılması istiqamətində heç bir ciddi addım atılmayıb, son 27 ildə bu sahəyə 3-cü, 4-cü dərəcəli məsələ kimi baxılıb.

Beləliklə, Muxtar Respublikanın yalnız 3 mərkəzi icra orqanında aparılan ilkin yoxlamalar yarım milyard manata yaxın korrupsiya faktını üzə çıxardı. Bu, Naxçıvanda korrupsiyanın sistemli hal alması demək idi. Aşkarlanan nöqsanlar onu göstərdi ki, məhz Vasif Talıbovun rəhbərliyi dövründə dövlət büdcəsindən ayrılan vəsait başqa istiqamətlərə yönəldilib, aidiyyəti üzrə xərclənməyib. Beləliklə, rəsmi olaraq açıqlanan faktlar sırasında korrupsiya faktları özünü daha qabarıq göstərdi. Naxçıvan Muxtar Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov, sabiq maliyyə naziri Rəfail Əliyev və keçmiş Dövlət Gömrük Komitəsinin sabiq şöbə rəisi Mənsur Əsgərli həbs edildi ki, bu üç məmurun 500 milyon manata yaxın vəsaiti mənimsədiyi aşkarlandı. Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının sabiq maliyyə naziri Rafael Əliyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin şöbə rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun həbs müddətləri 3 ay müddətinə uzadılıb.

Araşdırmalar onu da göstərdi ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Yeri gəlmişkən, hər il Naxçıvana dövlət büdcəsindən 500 milyon manat dotasiya verilib. Naxçıvanın öz gəliri isə 180 milyon manat göstərilir. Amma əslində bu, real rəqəm deyil. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar. DTX-nın əməliyyatı zamanı isə aydın oldu ki, qısamüddətli araşdırma nəticəsində Naxçıvanın Maliyyə Nazirliyində 144, Gömrük Komitəsində isə 132 milyon manatlıq mənimsəmə olub.

Ancaq son vaxtlar Naxçıvanda həyata keçirilən islahatlar birbaşa vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Ötən ilin sonunda Naxçıvanda pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə paralel olaraq, qeyd olunan obyektlərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesinə başlanıldı. Qeyd edək ki, artıq Naxçıvanda nağdsız hesablaşmaların stimullaşdırılması, müvafiq infrastrukturun təkmilləşdirilməsi, əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi Naxçıvan Muxtar Respublikasında nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında Muxtar Respublikada nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfədən çox artıb. Cari ilin 2 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 10,6 milyon manatı POS-terminalların, 58,1 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.

Qeyd edək ki, nağdsız ödənişlərin əhatəsinin genişləndirilməsi məqsədilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” həyata keçirilib. Elektron ödənişlərə keçid istehlakçılara təhlükəsizliyin təmin edilməsi və rahatlıq gətirməklə yanaşı, həm də cəmiyyətə daha yüksək idarəetmə, daha yaxşı vergi yığımı, “kölgə iqtisadiyyatı” ilə mübarizə və üDM-in artımının sürətləndirilməsi baxımından faydalıdır. Pul vəsaitləri elektron ödənişlərdə hərəkət edən ölkələrdə iqtisadi artım sürətlənir, əhaliyə vaxta qənaət imkanı yaradır, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qoruyur, ticarət və xidmət obyeklərində saxta pullarla hesablaşmaların qarşısını alır.

Eyni zamanda, vətəndaşların dövlət qurumlarına ödədiyi müxtəlif xidmət haqlarının hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir. Bu sistem sayəsində vergidən yayınmanın qarşısı alınır. Bu gün Naxçıvanda aparılan islahatlar isə onu göstərir ki, artıq ötən dövrdən fərqli olaraq hesablaşmaların nağdsız reallaşması, bu sahədə itkilərin aradan qaldırılmasında, şəffaflığın təminində mühüm rol oynayacaq.

Nigar Abdullayeva
Cebhe.info