Vüqar Qocayev: “Qarabağda avtomobil zavodları inşa edilə bilər”
Ötən illə müqayisədə, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında 60%-dən çox avtomobil satışı həyata keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, 2018-ci ildən 2024-cü ilin 9 ayı daxil olmaqla ölkənin İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 360 milyon manatlıq avtomobil satışı həyata keçirilib.
Həmçinin cari ilin yanvar-sentyabr aylarında Hacıqabul Sənaye Parkında 53,86 milyon manatlıq 1901 ədəd avtomobil, Neftçala Sənaye Məhəlləsində isə 25,9 milyon manatlıq 1072 ədəd avtomobil satışı həyata keçirilib.
Avtomobil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 60 % artıb.
Sənaye zonalarında sözügedən dövrdə “Chevrolet”, “Isuzu”, “VGV”, “UAZ”, “Lada”, “Khazar” və s. markalı avtomobillər istehsal edilib.
Bəs ölkəmizdə yerli avtomobillərə tələbat yüksəkdir?
Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkəmizin milli avtomobil sənayesinin qurulmasına böyük ehtiyac var:
“Hazırda Azərbaycanda minik avtomobillərinə olan illik tələbat təxminən 60-80 min ədəd arası dəyişir. Bu rəqəm açıqlanan statistikada öz əksini tapır.
Lakin istehsal olunan avtomobillərin demək olar ki, bütün ehtiyat hissələri xarici ölkələrdən idxal hesabına qarşılanır.
Buna görə də ölkəmizdə milli avtomobil sənayesi hər an dayana bilər. Bunun qarşısını almaq üçün yerli ehtiyat hissələrinin istehsalını artırmaq lazımdır.
Hazırda Naxçıvan, Gəncə və Neftçala şəhərlərində avtomobillərin istehsalı həyata keçirilir. Bu müəssisələrdə istehsal olunan minik avtomobillərinin sayı məhdud olduğundan mövcud tələbatı ödəmir. Ona görə də ölkəmizdə daha iri avtomobil istehsalı müəssisələrinin yaradılmasına ehtiyac var”.
Ekspert hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə yerli avtomobil sənaye parkları inşa edilə bilər:
“Ölkəmizdə milli avtomobil sənayesi Naxçıvan, Neftçala və Gəncədə fəaliyyət göstərir. Lakin bu zavodlar fəaliyyəti dövründə özünü doğrulda bilmədi. Buna görə də işğaldan azad olunmuş ərazilərdə avtomobil zavodları inşa edilə bilər. Bu, həm yeni iş yerlərinin açılmasına, həm də yerli istehsalatın yüksəlməsinə səbəb ola bilər”.
Həsən Məmmədov
“Cebheinfo.az”