“Bütün sənətçiləri “TikTok”a çağırıram, nazirlikdən onlara xeyir gəlməyəcək”

“Bütün sənətçiləri “TikTok”a çağırıram, nazirlikdən onlara xeyir gəlməyəcək”

Xəbər verdiyimiz kimi, kinorejissor, aktyor Kənan Mahmudov (MM) ötən gün Mədəniyyət Nazirliyinə müraciət edib.

O, sosial şəbəkə hesabında paylaşdığı müraciətdə film çəkmək üçün böyrəyini satmaq fikrində olduğunu bildirib:

"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə, orda birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”.

Müzakirə yaradan paylaşımı haqda Yenisabah.az-a danışan Kənan MM müraciətinə cavab verən olmadığını deyib:

“Böyrəyimi satmadım, lazım olmadı. Mədəniyyət Nazirliyindən cavab verən olmadı. Əşşi, 40 ildir Mədəniyyət Nazirliyində məni tanıyan yoxdur, nəyi qoyub nəyi danışırsınız, rəhmətliyin nəvəsi...

Mənim klipini çəkdiklərim hamısı Xalq artisti, Əməkdar artist oldu, mən hələ yerimdə sayıram. Boş verin...

Fəxri ad-zad istəmirəm, Allahın mənə verdiyi təmiz adla işləri olmasın, qalan heç nə istəmirəm onlardan”.

Rejissor əlində ssenari olsa da, Mədəniyyət Nazirliyinin işi bəyənmədiyini qeyd edib:

“Ssenari vardı, vermişəm, bəyənmirlər, həmişə olduğu kimi, özlərinin adamlarını seçirlər. Klassik Mədəniyyət Nazirliyidir.

O, film heç vaxt çəkilməyəcək. Bütün sənətçiləri “TikTok”a dəvət edirəm. Onlara nə Mədəniyyət Nazirliyindən, nə də televiziyalardan xeyir gəlməyəcək. Heç vaxt onlara kömək olmayacaqlar. Nə qədər ki, gec deyil, sənətin daşını atsınlar”. (Yenisabah.az)

Cebhe.info