İnsanlar çoxlu qazanc vədinə belə inanır - Psixoloq sxemi açdı

İnsanlar çoxlu qazanc vədinə belə inanır - Psixoloq sxemi açdı

Fırıldaqçılıq tarix boyu bütün cəmiyyətlərdəki əsas qanun pozuntularının başında gəlir.

Lakin illər keçdikcə, dünya inkişaf etdikcə insanların aldadılma metodları da dəyişir. Çünki insanlar bəsit hiylələrə inanmağa başlayıblar. 

Əlbəttə ki, buna media və sosial şəbəkələr vasitəsilə aparılan maarifləndirmə işləri də öz təsirini göstərir. Əfsuslar olsun ki, bütün bunların fonunda fırıldaqçılar da illər keçdikcə öz metodlarını yeniləyirlər. Son dönəmlərin ən məşhur fırıldaqçı yalanı isə piramida sistemləridir. 

Bu yalan sistem vasitəsilə ilə aldadılaraq, pulları mənimsənilən şəxslərin sayı getdikcə artır. Dələduzlar insanlara daha tez və rahatlıqla yüksək məbləğdə pul qazanmağı vəd edirlər. Təəssüf ki, bəzi şəxslər maddi sıxıntılarını qısa zamanda həll etmək üçün belə yalan vədlərə inanırlar. Nəticədə isə külli miqdarda ziyana uğrayırlar. 

Ümumiyyətlə, insanlar nə üçün piramida sistemlərinə inanırlar?

Mövzu ilə bağlı “Cebhe.info”ya açıqlama verən “Sadiq ol” psixoloji inkişaf mərkəzinin rəhbəri, psixoloq Gülnar Sadiq bildirib ki, bunun səbəbi məlumatsızlıqdır:

“Düşünürəm ki, insanların hələ də piramida sistemlərinə inanmasının əsas səbəbi məlumatsızlıq və savadsızlıqdır. Həmçinin, indiki dövrdə ailə daxilində kifayət qədər ünsiyyətin olmaması da belə problemlərin olmasına gətirib çıxarır.

Çünki ailə üzvləri bir-birilə hər şeyi paylaşmırlar. Xüsusilə də valideynlərin uşaqları ilə cəmiyyətdə baş verən hadisələri bölüşmədiyini vurğulamaq lazımdır. Əksinə, uşaqlar danışdığı zaman onları susdururular”.

Psixoloq qeyd edib ki, son zamanlarda piramida sistemi ilə aldadılanların yaşı da azalmağa doğru gedir:

“Çünki ailədə cəmiyyətdə baş verənlərlə bağlı söhbətlər aparılmır. 

Nəticədə məlumat azlığıdır. Əgər ailədə piramida sistemi ilə bağlı fırıldaqçılığın olduğuna dair söhbətlər aparılsa, uşaqlar da buna inanmazlar.

Həm ailə daxilində belə müzakirələrin olmaması, həm də uşağın davamlı şəkildə susdurulması onu dələduzların “tələ”sinə salır. Ona görə ki, uşaq ailədə onu dinləyən olmadığını görüb, özünü cəmiyyətə atır. Cəmiyyət içərisində nə isə edərək özünü təsdiqləmək istəyir. Sonda dələduzların qurbanına çevrilir”. 

Gülnar Sadiq sözlərinə belə davam edib:

“Həmçinin, maddi vəziyyəti zəif olan insanlar da asanlıqla piramida sistemindən istifadə edən dələduzlara inanırlar. Çünki onlar bir an əvvəl yaxşı geyinmək, gəzmək, restoranlara getmək və istədiklərini satın alacaqları bir həyata qovuşmaq istəyirlər.

Bu səbəbdən də belə, yalan vədlərə inanırlar. Onlar qısa müddət ərzində varlanmaq, əziyyət çəkmədən təcili pul qazanmaq istəyirlər. Hətta buna görə kredit götürən, evini, avtomobilini satıb pulunu dələduzlara verən şəxslər var.

Həmin fırıldaqçılar da məhz bu sahədə məlumatı olmayan və maddi sıxıntılar yaşayan şəxsləri öz “tor”larına salırlar. Lakin belə sistemlərə inanmaq olmaz.

Unutmayın ki, qısa zamanda yüksək pul təklif edən bütün şəxslərin sonradan dələduz olduğu ortaya çıxıb. Onların yeganə məqsədi daha çox insanı aldadaraq pullarını mənimsəməkdir”.

Elmir Mustafa
“Cebhe.info”