Matcha çayı: Azərbaycanda bunun alternativi var?

Hazırda dünyada sürətlə məşhurlaşan matcha çayına (Yapon yaşıl çayı) olan tələbin kəskin artması böhranla nəticələnib.
Belə ki, matcha çayının əsas vətəni olan Yaponiyada istehsalçılar belə artan tələbli qarşılaya bilmir. Hətta qiymətlərin artmasına baxmayaraq, matcha çayı “qara bazar”da satılır.
Bildirilib ki, 2024-cü ildə Yaponiyanın ixrac etdiyi 8 min 798 ton çayın yarıdan çoxunu matcha çayı təşkil edib. Bu göstərici son 10 illə müqayisədə iki dəfə artım deməkdir.
Bəs matcha çayının sağlamlığa ümumi təsirləri nələrdir və digər yaşıl çay növlərindən nə ilə fərqlənir? Hazırda tələbin çoxalması, məhsulun “qara bazar”da satılması fonunda istehlakçılar keyfiyyətli matchanı necə tanıya bilər? Azərbaycanda matchaya bənzər faydalı bitki çayları varmı?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirdi ki, matcha çayı son illər "superfood" trendləri səbəbilə böyük maraq doğurur:
“Matcha çayı kölgədə yetişdirilmiş yaşıl çay yarpaqlarının üyüdülməsi ilə alınan toz çaydır. Klassik dəmlənmiş yaşıl çaydan daha güclü təsirlərə malikdir”.
Onun sözlərinə görə, matcha çayının bir çox elmi cəhətdən sübut olunmuş faydaları mövcuddur:
“Matcha tozu parlaq yaşıl rəngi, möhkəm “umami” (Yapon dilindən “xoş dad” kimi) dadı və yüksək antioksidant səviyyələri ilə məşhurdur. Onun tərkibində olan kofein və “L-Theanine” adlı maddələr beyin funksiyalarını yaxşılaşdırır. Həmçinin, metabolizmi sürətləndirə və arıqlama prosesində dəstəkləyici ola bilər.
Ürək-damar sağlamlığına müsbət təsir edir və xolesterol səviyyələrini tənzimləyə bilər. Bundan başqa bədən detoksuna dəstək verir, xlorofil tərkibi yüksəkdir. Elmi araşdırmalarla təsdiqlənmişdir ki, kofein diqqəti artırır, enerjini yüksəldir, “L-Theanine” sakitlik verir, əsəb sistemini tarazlayır. Bu iki maddə birlikdə "ayıq rahatlıq" (calm alertness) təsiri yaradır. Buna görə də matcha çayı qəhvəyə alternativ kimi çox sevilir”.
Fərid Səfərov vurğulayıb ki, amma keyfiyyətsiz matcha çayı sağlamlıq üçün təhlükə yarada bilər:
“Matcha çayının faydaları ilə yanaşı, onun düzgün seçilməsi və orijinal məhsulun alınması da böyük önəm daşıyır. Keyfiyyətli matcha çayı vizual, dad və qoxu baxımından fərqlənir.
Əsl matcha çayı parlaq tünd yaşıl rəngdə olmalıdır. Əgər toz solğun və sarıya çalan tonlardadırsa, bu keyfiyyətsizlik əlamətidir. Dadı yüngül şirin olmalı, çox acı olmamalıdır. Ən keyfiyyətli matcha çayı məhsulları Yaponiyada istehsal olunur. Onların təzə və otvari aroması olmalıdır.
“Qara bazar”da satılan matcha çayının riskləri var. Saxta məhsullar yaşıl boya ilə qarışdırılmış tozlardır. Tərkibində pestisid və ağır metallar ola bilər. Mənşə və saxlanma şəraiti bəlli olmadığı üçün toksin riski yarada bilər”.
O bildirib ki, Azərbaycanda matcha çayına alternativ olan bir sıra faydalı bitki çayları var:
“Matcha çayı dünyada sağlamlıq içkisi kimi məşhurlaşsa da, ölkəmizdə və regionda ona bənzər təsirə malik bitki çayları da az deyil. Məsələn, dağ nanəsi, xüsusilə həzmə kömək, sakitləşdirici, yumşaq təsir. Zəfəran çayı, sinir sisteminə dəstək, zehni rahatlıq verir. Gicitkən çayı, qan təmizləyici, iltihab əleyhinə təsir göstərir. Qızılgül ləçəyi çayı, stress azaldıcı təsirə malikdir. Enerji və fokus artırmaq üçün zəfəran və qaraqınıq daha yaxın alternativ ola bilər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”